Qəbələ şəhərində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Elmi-Məsləhət Şurasının xüsusi iclası keçirilib
Cari ilin “Heydər Əliyev İli” elan edilməsi, müstəqil dövlətimizin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin anadan olmasının yüz illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə əlaqədar Baş Prokurorluq tərəfindən silsilə tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin mühüm hissəsi ölkəmizin aparıcı ali təhsil, elm ocaqları, ixtisaslaşmış akademiyaları ilə birgə həm Bakı şəhərində, həmçinin bölgələrdə təşkil edilir.
Qeyd olunan tədbirlər çərçivəsində 2023-cü ilin iyun ayının 14-ü Baş Prokurorluğun digər qurumları ilə yanaşı Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Qəbələ şəhərində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclası keçirilmişdir.
İclasa sədrlik edən Baş prokuror Kamran Əliyev tədbiri açaraq öz çıxışında bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə bölgələrimiz sürətlə inkişaf edir, bölgələrdə yerləşən şəhərlərin iqtisadi, sosial, mədəni və elm-təhsil potensialının gücləndirilməsi üçün olduqca əhəmiyyətli tədbirlər görülür. Məhz bu işlər nəticəsində ölkəmizin dilbər guşələrində müxtəlif, o cümlədən beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirilməsi mümkün olur. Əlbəttə ki, belə şərait bütün sahələr kimi, elm və təhsilin inkişafına da öz töhfəsini verir.
Baş prokuror Kamran Əliyev daha sonra öz çıxışında Heydər Əliyevin ölkəmizin mövcudluğunda xilaskar rolu və əhəmiyyəti haqqında söhbət açmış, Ümummilli liderin dərin zəkası və zəngin dövlət idarəçiliyi təcrübəsinə uyğun olaraq ölkədə həyata keçirdiyi dövlət quruculuğu işləri və hüquq siyasəti barədə iclas iştirakçılarını məlumatlandırmışdır.
İclasda fəxri qonaq kimi iştirak edən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, Ulu öndər Heydər Əliyevin Qəbələ rayonuna qayğısı, rayonun sosial-iqtisadi inkişafı, elm-təhsil, mədəni, turizm potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən müstəsna əhəmiyyətli işlər barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Daha sonra iclasda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Səfərov “Ümummilli Lider Heydər Əliyevin hüquqi islahatlar strategiyası və beynəlxalq hüquq sisteminə inteqrasiya”, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev “Qurtuluş məfkurəsi: Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələsi” mövzularında çıxış etmişlər.
Maraqlı müzakirələr şəraitində keçirilən tədbir Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmin seyr edilməsi ilə yekunlaşmışdır.