Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 7-ci iclasında Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış vəsaitlərin təqdimatları keçirilib
2023-cü ilin mart ayının 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə müxtəlif dövlət orqanları nümayəndələrinin, eləcə də aparıcı ali təhsil müəssisələri, ixtisaslaşmış akademiya və elm ocaqlarını təmsil edən görkəmli hüquqşünasların iştirakı etdiyi Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilmişdir.
Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror Kamran Əliyev keçən dövr ərzində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyən ölkəmizin ictimai-siyasi həyatında baş vermiş əhəmiyyətli hadisələr, beynəlxalq müstəvidə görülən mühüm işlər, müstəqil dövlətimizin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar prokurorluq orqanlarında həyata keçirilən silsilə tədbirlər barədə məlumat vermişdir.
Xüsusi olaraq vurğulanmışdır ki, hüquqşünaslar tərəfindən Ümummilli Lider Heydər Əliyevin hüquq sistemimizdə miras qoyduğu zəngin irsinin elmi-praktiki tədqiqinə əhəmiyyətli diqqət yetirilməlidir.
Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra soydaşlarımızın tarixi Qərbi Azərbaycan bölgəmizə qayıdışı, eləcə də iki əsr boyu erməni milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlıq, şəxsiyyət əleyhinə və digər cinayətlərə siyasi və hüquqi qiymətin verilməsi olduqca aktual məsələdir.
Daha sonra Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mahir Abbasov “Qərbi Azərbaycanda soydaşlarımıza qarşı etnik təmizləmə – tarix və hüquq müstəvisində”, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini müvəqqəti icra edən Elşad Nəsirov “Azərbaycan Respublikası Milli Məclisi deputatının toxunulmazlığı hüququnun mahiyyəti”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Namiq Əliyev “ATƏT-in Minsk qrupu və onun sülhməramlı missiyası haqqında mif” mövzularında çıxış etmişlər.
İclas çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış “Üzərində zorakılıq əlamətləri olmayan naməlum insan meyitləri ilə bağlı araşdırma taktikası” adlı metodiki vəsaitin Mərkəzin böyük prokuroru İradə Xəlilova tərəfindən, rus dilində hazırlanmış “Azərbaycan Respublikasında prokurorun hüquqi statusu” adlı kitabın Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova tərəfindən, “Prokurorluqda tətbiq edilən proqram və informasiya sistemlərinin təlimatları və istifadə qaydaları” adlı toplunun Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun müdiri Oqtay Mirzəyev tərəfindən təqdimatları keçirilmişdir.
Həmçinin iclasda Mərkəzin iştirakı ilə hazırlanmış “Uzun müddət bağlı qalmış qəsdən adam öldürmə və ölümlə nəticələnən digər cinayətlər üzrə istintaq təcrübəsi” adlı metodiki vəsait üzrə Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Selcan Familzadənin, “Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətinin istintaqı xüsusiyyətlərinə dair” adlı metodiki vəsait üzrə Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Xəyala Aslanovanın, eləcə də “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması, bilə-bilə belə əmlakı əldə etmə, sahiblik və ya istifadə etmə, yaxud sərəncam vermə cinayətləri üzrə ibtidai istintaqın aparılması metodları” adlı metodiki vəsait üzrə Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru İlkin Babazadənin təqdimatları maraqla qarşılanmışdır.
İclasın yekununda müxtəlif hüquqi məsələləri özündə ehtiva edən mövzular üzrə Şura üzvləri tərəfindən geniş fikir mübadiləsi aparılmışdır.