Əliyev Zaur Hümbət oğlu
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent
Zaur Əliyev 1980-ci ildə Bərdə şəhərində anadan olub, 1996 – 2000-cı illər ərzində bakalavriat pilləsində, 2000 – 2002-ci illər ərzində magistratura pilləsində təhsil alaraq, Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirib.
İxtisasını artırmaq məqsədi ilə 2005 – 2009-cı illərdə təhsilin aspirantura səviyyəsində təhsil alıb, 2014 – 2019-cu illərdə isə doktorantura pilləsini bitirərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2003 – 2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olub.
2002 – 2003-cü illərdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının Hüquqi maarifləndirmə şöbəsinin baş məsləhətçisi; 2005 – 2006-cı illərdə Aparatın Hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi; I dərəcə dövlət qulluqçusu; 2006 – 2010-cı illərdə Aparatın Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, Elmi-analitik sektorun müdiri; 2010 – 2016-cı illərdə Aparatın Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2011-ci ildən Bakı Dövlət Universiteti, Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının dosenti olmaqla, 2022-ci ildən Hüquq fakültəsinin dekanıdır.
Eyni zamanda 2016 – 2022-cı illər ərzində Heydər Əliyev Fondunda baş hüquqşünas olmuş, 2018-cı ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosentidir.
Azərbaycan Respublikası Prezidentinin 25.06.2014-cü il tarixli 580 №-li Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Həmçinin Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun “İsveçrə Liderlik Proqramı”nın qalibi olub, , Rusiya Elmlər Akademiyası, Rusiya Beynəlxalq Hüquq Assosiasiyası, Tatarıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən fəxri fərmanlara və diplomlara, eləcə də Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə xatirə diplomuna və Universal Sülh Federasiyası tərəfindən “Sülh səfiri” fəxri adına layiq görülüb.
Bir sıra hüquqi təşkilatların fəxri üzvüdür, dövlət proqramların və layihələrin hazırlanmasında iştirak edib, bir çox dərsliklərin, dərs vəsaitlərin və digər nəşrlərin müəllifi olub, çoxsaylı məqalələri müxtəlif mətbu nəşrlərdə dərc olunub.
Dövlət qulluğunun baş müşaviridir, rus və ingilis dillərini sərbəst bilir, ailəlidir.