MODERATORLUQ

İnformasiya kommunikasiya texnologiyaların tətbiqi – 2023

“Distant Tədris” platforması

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin www.etmprok.az adlı alt-domenində yerləşən “Distant tədris” platformasına inteqrasıya edilmiş Zoom proqramı vasitəsilə idarə tərəfindən 2023-cü ildə bir çox tədris tədbirləri onlayn rejimdə keçirilmişdir. Bu tədbirlərə hazırlıq prosesində Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru tərəfindən dinləyicilərlə və təlimçilərlə əlaqə yaradılmış, Zoom proqramından istifadə edə bilməyən şəxslərə proqramın istifadə qaydası izah edilmiş və tədbirdən əvvəl dinləyicilərin iştirakı ilə sınaqlar keçirilmişdir. Tədris prosesində də platformanın imkanlarından səmərəli istifadə olunmuşdur.
Həmçinin Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru “Elektron Prokurorluq” informasiya sisteminin (EPİS) tətbiqi ilə bağlı Baş Prokurorluğun inzibati binalar kompleksində yerləşən struktur qurumlarının, habelə bir sıra tabe prokurorluqlarının kompyuterlərinə əməliyyat sisteminin sazlanmasına və “Sima” sertifikatının tanınmasına köməklik etmişdir. Həmçinin, EPİS-in tətbiqi ilə bağlı cari ilin noyabr ayının 18, 22, 30 və dekabr ayının 5 təşkil edilmiş maarifləndirici tədbirlərə sektor tərəfindən texniki dəstək göstərilmişdir.

 

“Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sistemi

Tədrisin səmərəli təşkili üçün xüsusi əhəmiyyət kəsb edən bu informasiya sistemi hazırlıq prosesində bir neçə dəfə sınaqdan keçirilmiş, sistem yüksək istehlak göstəricilərinə malik proqram təminatı ilə təmin edilmiş, onun interfeysi müasir dizayn üslubuna uyğunlaşdırılmış, sistemdən istifadəyə dair Təlimat tərtib edilmişdir. Tədris tədbirləri, təlimçilər və dinləyicilər barədə məlumatları, eləcə də məşğələ materiallarını bu sistemin məlumat bazasına daxil etməklə, həmin məlumatların müxtəlif parametrlər üzrə səmərəli və asanlıqla sistemləşdirmək, məsafədən məlumatlardan istifadə və idarə etmək, təlimçilərin və mövzuların düzgün seçimini həyata keçirmək, dinləyicilərin dairəsini düzgün müəyyən etmək, bu sahədə təhlillərin daha səmərəli aparmaq üçün elektronlaşdırılmış imkan yaranmışdır. Informasiya sistemindən istifadə yalnız idarədaxili məqsədlər üçün nəzərdə tutulduğundan, onun məlumat bazasına buraxılış əldə etmək üçün Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunda müvafiq qeydiyyatdan keçmək lazımdır. Tədrisin səmərəli təşkili üçün xüsusi əhəmiyyət kəsb edən bu informasiya sisteminin məlumat bazasına 2023-cü il ərzində idarənin təşkili ilə keçirilmiş 20 tədris tədbirinin məlumatları və sənədləri daxil edilmişdir. Yüksək istehlak göstəricilərinə malik olan bu proqramın bazasında hazırda mövcud olan 47 tədris tədbirinin məlumat və sənədlərindən tədris prosesi zamanı səmərəli istifadə edilir.

 

“Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemi

“Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemi Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış və Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 16.11.2021-ci il tarixli iclasında təqdimatı keçirilmişdir. Onun məlumat bazasının artırılması üçün Baş Prokurorluğun kitabxanalarında kağız formatında saxlanılan nadir nəşrlərin rəqəmli daşıyıcılara köçürülməsi, eləcə də internet və digər vasitələrlə yeni elektron nəşrlərin əldə olunması davam etdirilir. Elm-Tədris Mərkəzinin 2022-ci ilin birinci yarımilinə dair İş planının 5-ci bəndinə əsasən “Baş Prokurorluğun Elektron Kitabxanası”nın əməliyyat sisteminin Android və İOS versiyalı olan mobil cihazlarda işləməsini təmin etmək məqsədi ilə Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun əməkdaşları tərəfindən bu kitabxananın interfeys dizaynı, menyuları, təsnifat bölgüsü, axtarış parametrləri və digər komponentləri müxtəlif ekran ölçülü smartfon və planşetlərə uyğunlaşdırılmışdır. Həmçinin kitabxananın responsive dizayn formasının yaradılması üçün onun texniki tapşırığı hazırlanmış və sınaqdan keçirilmişdir. Belə bir imkanın yaradılması prokurorluq işçilərinin kitabxananın fondunda olan nəşrlərlə asanlıqla tanış olmasına, lazımi məlumatların dərhal və çevik əldə olunmasına xidmət etməklə yanaşı işin keyfiyyətinə müsbət təsir göstərir. “Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sisteminin məlumat bazasına 2023-cü ildə 114 nəşr daxil edilərək, hazırda bu kitabxanada 668 nəşrin, o cümlədən 275 ədəd hüquq ədəbiyyatının elektron versiyası mövcuddur. Kitabxananın qlobal internet məkanına çıxışı olmamasına və ondan yalnız prokurorluq işçilərinin xidməti kompyuter vasitəsi ilə faydalanmasına baxmayaraq, hesabat dövründə oxucuların sayı xeyli artaraq 1.003 nəfər təşkil etmişdir (ilin əvvəlində isə 298 oxucu olmuşdur).