İnformasiya kommunikasiya texnologiyaların tətbiqi – 2022
“Distant Tədris” platforması
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin www.etmprok.az adlı alt-domenində yerləşən “Distant tədris” platformasına inteqrasıya edilmiş Zoom proqramı vasitəsilə idarə tərəfindən hesabat dövründə bir çox tədris tədbirləri onlayn rejimdə keçirilmişdir. Bu tədbirlərə hazırlıq prosesində Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru tərəfindən dinləyicilərlə və təlimçilərlə əlaqə yaradılmış, Zoom proqramından istifadə edə bilməyən şəxslərə proqramın istifadə qaydası izah edilmiş və tədbirdən əvvəl dinləyicilərin iştirakı ilə sınaqlar keçirilmişdir. Tədris prosesində də platformanın imkanlarından səmərəli istifadə olunmuşdur.
Həmçinin 7 – 9 iyun 2022-ci ildə Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsi tərəfindən Baş Prokurorluğun struktur qurumlarının və tabe rayon (şəhər) prokurorluqlarının işçiləri üçün statistik hesabatların tərtib edilməsi sahəsində bilik və bacarıqların artırılması məqsədilə keçirilmiş seminarların təşkilinə Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru Zoom proqramı və müvafiq avadanlıqlar vasitəsilə texniki dəstək göstərmişdir.
“Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sistemi
Tədrisin səmərəli təşkili üçün xüsusi əhəmiyyət kəsb edən bu informasiya sistemi hazırlıq prosesində bir neçə dəfə sınaqdan keçirilmiş, sistem yüksək istehlak göstəricilərinə malik proqram təminatı ilə təmin edilmiş, onun interfeysi müasir dizayn üslubuna uyğunlaşdırılmış, sistemdən istifadəyə dair Təlimat tərtib edilmişdir. Tədris tədbirləri, təlimçilər və dinləyicilər barədə məlumatları, eləcə də məşğələ materiallarını bu sistemin məlumat bazasına daxil etməklə, həmin məlumatların müxtəlif parametrlər üzrə səmərəli və asanlıqla sistemləşdirmək, məsafədən məlumatlardan istifadə və idarə etmək, təlimçilərin və mövzuların düzgün seçimini həyata keçirmək, dinləyicilərin dairəsini düzgün müəyyən etmək, bu sahədə təhlillərin daha səmərəli aparmaq üçün elektronlaşdırılmış imkan yaranmışdır. Informasiya sistemindən istifadə yalnız idarədaxili məqsədlər üçün nəzərdə tutulduğundan, onun məlumat bazasına buraxılış əldə etmək üçün Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunda müvafiq qeydiyyatdan keçmək lazımdır. Təyinatı nəzərə alınaraq bu informasiya sisteminin fəaliyyətinə məsul qurum kimi Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsi müəyyən edilib. Tədrisin səmərəli təşkili üçün xüsusi əhəmiyyət kəsb edən bu informasiya sisteminin məlumat bazasına hesabat dövründə idarənin təşkili ilə keçirilmiş 13 tədris tədbirinin məlumatları və sənədləri daxil edilmişdir. Yüksək istehlak göstəricilərinə malik olan bu proqramın bazasında hazırda mövcud olan 27 tədris tədbirinin məlumat və sənədlərindən tədris prosesi zamanı səmərəli istifadə edilir.
“Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemi
“Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemi Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış və Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 16.11.2021-ci il tarixli iclasında təqdimatı keçirilmişdir. Onun məlumat bazasının artırılması üçün Baş Prokurorluğun kitabxanalarında kağız formatında saxlanılan nadir nəşrlərin rəqəmli daşıyıcılara köçürülməsi, eləcə də internet və digər vasitələrlə yeni elektron nəşrlərin əldə olunması davam etdirilir. Elm-Tədris Mərkəzinin 2022-ci ilin birinci yarımilinə dair İş planının 5-ci bəndinə əsasən “Baş Prokurorluğun Elektron Kitabxanası”nın əməliyyat sisteminin Android və İOS versiyalı olan mobil cihazlarda işləməsini təmin etmək məqsədi ilə Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun əməkdaşları tərəfindən bu kitabxananın interfeys dizaynı, menyuları, təsnifat bölgüsü, axtarış parametrləri və digər komponentləri müxtəlif ekran ölçülü smartfon və planşetlərə uyğunlaşdırılmışdır. Həmçinin kitabxananın responsive dizayn formasının yaradılması üçün onun texniki tapşırığı hazırlanmış və sınaqdan keçirilmişdir. Belə bir imkanın yaradılması prokurorluq işçilərinin kitabxananın fondunda olan nəşrlərlə asanlıqla tanış olmasına, lazımi məlumatların dərhal və çevik əldə olunmasına xidmət etməklə yanaşı işin keyfiyyətinə müsbət təsir göstərir. “Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sisteminin məlumat bazasına hesabat dövründə 124 nəşr daxil edilərək, hazırda bu kitabxanada 554 nəşrin, o cümlədən 252 ədəd hüquq ədəbiyyatının elektron versiyası mövcuddur. Kitabxananın informasiya sistemi üçün Baş Prokurorluğun serverində gec yer ayrıldığından oxucuların sayı hələki 298 nəfər təşkil edir.