KATİBLİK

Azərbaycan Respublikasının prokurorluq orqanlarında 2024-cü ilin yekunlarına əsasən müsabiqələr keçirilib

Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əsasən Elm-Tədris Mərkəzi Elmi-Məsləhət Şurasının və Etik Davranış Komissiyasının, eləcə də 2021-ci ildən “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı”, 2024-cü ildən isə “İlin ən yaxşı prokuroru” müsabiqə komissiyalarının katibliyi funksiyasını həyata keçirir.

İlin ən yaxşı müstəntiqi
Prokurorluq orqanlarında ibtidai istintaq fəaliyyətinin keyfiyyətinin daha da yaxşılaşdırılması, işin səmərəliliyinin artırılması, prokurorluq işçilərinin peşəkarlıqlarının, motivasiyalarının yüksəldilməsi, müsbət iş təcrübəsinin yayılması, kadr ehtiyatının formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun 21.12.2021-ci il tarixli 15/24 №-li əmri ilə təsdiq edilmiş Təlimata uyğun olaraq 2024-cü ilin yekunlarına əsasən prokurorluq orqanlarında “İlin ən yaxşı müstəntiqi” adlı növbəti müsabiqə keçirilib.
İki mərhələdən ibarət müsabiqənin ilk mərhələsi Baş Prokurorluğun struktur qurumlarının rəhbərləri tərəfindən keçirilməklə, müsabiqəsinin ikinci mərhələsində iştirak etmək üçün namizədlər seçilmiş və bununla bağlı müvafiq məlumatlar təqdim edilmişdir.
Müsabiqənin ikinci mərhələsi isə Baş prokurorun müvafiq əmri ilə yaradılmış Baş prokurorun birinci müavini Elçin Məmmədovun sədrliyi və Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının artırılması şöbəsinin böyük prokuroru Çingiz Əli-zadənin katibliyi ilə Müsabiqə Komissiyası tərəfindən həyata keçirilmişdir.
Müsabiqənin ikinci mərhələsində Komissiyanın iclaslarında namizədlərin göstəriciləri, o cümlədən ibtidai istintaqı yekunlaşdırılmış cinayət işlərinin sayı, təsnifatı, törədilmə şəraiti, aktuallığı, mürəkkəbliyi, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin sayı, vurulmuş ziyanın ödətdirilməsi, qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı, törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara və vətəndaşların müraciətlərinə baxılması sahəsində göstəriciləri, habelə digər göstəriciləri komissiyanın sədri və üzvləri tərəfindən təhlil edilib qiymətləndirilərək onların arasından gizli səsvermə yolu ilə daha üstün göstəricilərə malik namizəd qalib hesab olunmuş, habelə 2 və 3-cü yerləri tutan şəxslər müəyyənləşdirilmişdir.
Belə ki, Komissiyanın 06.02.2025-ci il tarixli yekun iclasında isə ilk iclasda ən yüksək göstəricilərə malik namizədlər arasından ən üstün göstəricilərə malik olan qalib, eləcə də 2-ci, 3-cü yeri tutan şəxslər müəyyən edilmişdir.
Komissiyanın qərarına görə “İlin ən yaxşı müstəntiqi” müsabiqəsinin:

  • Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, I dərəcəli hüquqşünas Nəzərov Kənan İsabala oğlu qalibi,
  • Bakı hərbi prokurorluğunun müstəntiqi, ədliyyə baş leytenantı İbrahimov İbrahim Behruz oğlu 2-ci yeri tutmuş,
  • Yevlax rayon prokurorluğunun böyük müstəntiqi, II dərəcəli hüquqşünas Məmmədli Toğrul Əlikram oğlu isə 3-cü yeri tutmuş hesab edilmişdir.

İlin ən yaxşı dövlət ittihamçısı
Prokurorluq orqanları tərəfindən məhkəmələrdə dövlət ittihamının müdafiəsi və məhkəmə qərarlarının icrası qaydasında icraatda iştirak üzrə fəaliyyətinin keyfiyyətinin daha da yaxşılaşdırılması, işin səmərəliliyinin artırılması, prokurorluq işçilərinin peşəkarlıqlarının, motivasiyalarının yüksəldilməsi, müsbət iş təcrübəsinin yayılması, kadr ehtiyatının formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun 21.12.2021-ci il tarixli 15/24 №-li əmri ilə təsdiq edilmiş Təlimata uyğun olaraq 2024-cü ilin yekunlarına əsasən prokurorluq orqanlarında “İlin ən yaxşı dövlət ittihamçısı” adlı növbəti müsabiqə keçirilib.
İki mərhələdən ibarət müsabiqənin ilk mərhələsi Baş Prokurorluğun struktur qurumlarının rəhbərləri tərəfindən keçirilməklə, müsabiqəsinin ikinci mərhələsində iştirak etmək üçün namizədlər seçilmiş və bununla bağlı müvafiq məlumatlar təqdim edilmişdir.
Müsabiqənin ikinci mərhələsi isə Baş prokurorun müvafiq əmri ilə yaradılmış Baş prokurorun müavini Heydər Məmmədovun sədrliyi və Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərovanın katibliyi ilə Müsabiqə Komissiyası tərəfindən həyata keçirilmişdir.
Müsabiqənin ikinci mərhələsində Komissiyanın iclaslarında namizədlərin göstəriciləri, o cümlədən icraatında yekunlaşmış işlərin və verilmiş protestlərin sayı, qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı verilən rəy və təkliflər, hüquqi maarifləndirmə sahəsində fəaliyyət üzrə göstəriciləri, habelə digər göstəriciləri komissiyanın sədri və üzvləri tərəfindən təhlil edilib qiymətləndirilərək onların arasından gizli səsvermə yolu ilə daha üstün göstəricilərə malik namizəd qalib hesab olunmuş, habelə 2 və 3-cü yerləri tutan şəxslər müəyyənləşdirilmişdir.
Belə ki, Komissiyanın 06.02.2025-ci il tarixli ikinci iclasında ilkin iclasda ən yüksək göstəricilərə malik namizədlər arasından ən üstün göstəricilərə malik olan qalib, eləcə də 2-ci, 3-cü yeri tutan şəxslər müəyyən edilmişdir.
Komissiyanın qərarına görə “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqəsinin:

  • Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Bakı Apellyasiya Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Ələkbərov Anar Akif oğlu qalibi,
  • Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Mehrəliyev Vüsal Bəhram oğlu 2-ci yeri tutmuş,
  • Respublika Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Süleymanov Babək Sarı oğlu isə 3-cü yeri tutmuş hesab edilmişdir.

İlin ən yaxşı prokuroru
2024-ci ilin yekunu üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında “İlin ən yaxşı prokuroru” müsabiqəsinin keçirilməsi haqqında” Təlimata (bundan sonra – Təlimat) uyğun olaraq 2025-ci il yanvar ayının 6-dan 15-dək müsabiqənin birinci mərhələsi keçirilmişdir.
Müsabiqənin ikinci mərhələsində iştiraka buraxılmaları üçün işlədikləri qurum rəhbərləri tərəfindən namizədlər barədə təqdimatlar və işin kəmiyyət göstəricilərinin əks olunduğu cədvəllər müsabiqənin keçirilməsi üzrə Komissiyanın katibliyi funksiyasını yerinə yetirən Elm-Tədris Mərkəzinə göndərilmişdir.
Daxil olmuş sənədlər Komissiyanın katibi, Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokuroru Ruslan Ağayev tərəfindən ümumiləşdirilmiş, namizədliyi irəli sürülən şəxslərin işinin kəmiyyət göstəriciləri təhlil edilərək yekun arayış müvafiq Komissiyaya təqdim edilmişdir.
Müsabiqənin ikinci mərhələsi ilə bağlı 04.02.2024-cü il tarixdə keçirilmiş Komissiyanın ilkin iclasında 52 namizədin hər birinin göstəriciləri Komissiyanın sədri və üzvləri tərəfindən təhlil edilib qiymətləndirilərək onların arasından səsvermə yolu ilə daha üstün göstəricilərə malik olanlar müəyyən edilmişdir.
Belə ki, “Cinayət təqibindən kənar icraat sahəsində ilin ən yaxşı prokuroru” nominasiyası üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyev Namiq Qadir oğlu, “Prosessual nəzarət sahəsində ilin ən yaxşı prokuroru” nominasiyası üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru, ədliyyə müşaviri Əzizov Cəsarət Rəsul oğlu, “Müraciətlərə baxılması sahəsində ilin ən yaxşı prokuroru” nominasiyası üzrə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Sənəd dövriyyəsinin təşkili şöbəsinin prokuroru, II dərəcəli hüquqşünas Zeynalov Elmir Fuad oğlu, “Hüquqi təminat sahəsində ilin ən yaxşı prokuroru” nominasiyası üzrə Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin böyük prokuroru, ədliyyə müşaviri Həsənov Rəfael Hidayət oğlu, “İctimaiyyətlə əlaqələr sahəsində ilin ən yaxşı prokuroru” nominasiyası üzrə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru II dərəcəli hüquqşünas Həsənova Aysel Həsən qızı, “Material üzrə araşdırma aparan ilin ən yaxşı prokuroru” nominasiyası üzrə Baş Prokurorluğun xidməti araşdırmalar idarəsinin böyük prokuroru, I dərəcəli hüquqşünas Bəşirli Elvin Elçin oğlu, “İlin ən yaxşı təşkilatçı prokuroru” nominasiyası üzrə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin prokuroru, I dərəcəli hüquqşünas  Şərifov Rufan Anar oğlu, “Kadr işi üzrə ilin ən yaxşı prokuroru” nominasiyası üzrə Baş Prokurorluğun Kadrlar idarəsinin böyük prokuroru, ədliyyə müşaviri Qurbanov Təbriz Bəxtiyar oğlu, “Əmlakın bərpası üzrə ilin ən yaxşı prokuroru” nominasiyası üzrə Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əhmədova Aytəkin Teymur qızı, “Beynəlxalq hüquqi əməkdaşlıq sahəsində ilin ən yaxşı prokuroru” nominasiyası üzrə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru, ədliyyə müşaviri Qasımova Yelena Məmməd qızı, “Kriminalistika və informasiya texnologiyaları sahəsində ilin ən yaxşı prokuroru” nominasiyası üzrə Baş Prokurorluğun  Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru, ədliyyə müşaviri Bayramov Elmar Aydın oğlu, “Elm-tədris sahəsində ilin ən yaxşı prokuroru” nominasiyası üzrə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əli-zadə Çingiz Əlisəfa oğlu qalib hesab edilmişlər.
Müsabiqənin üçüncü mərhələsi ilə bağlı 06.02.2024-cü il tarixdə “Zoom” proqramı vasitəsilə distant formada keçirilmiş Komissiyanın yekun iclasında müsabiqənin ikinci mərhələsinin nəticələri üzrə 12 nominasiya üzrə qaliblərin arasından bu müsabiqənin qalibi müəyyən edilmişdir.
Belə ki, yekun iclasda həmin namizədlər haqqında Komissiyanın sədri və üzvləri çıxış etmiş, namizədlərin 2024-cü il ərzində gördükləri işlər ətraflı müzakirə olunmuş, müzakirə bitdikdən sonra, “Zoom” proqramı vasitəsi ilə (Komissiyanın sədri və üzvləri qalıb olmasına layiq gördüyü namizədin adını və soyadını proqramın çat hissəsində fərdi kanalla Komissiyanın katibinə bildirdi) gizli səsvermə keçirilmişdir.
Gizli səsvermənin nəticələri nəzərə alınaraq, 2024-cü ilin yekunları üzrə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında “İlin ən yaxşı prokuroru” müsabiqəsinin qalibi Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru, ədliyyə müşaviri Qasımova Yelena Məmməd qızınınhesab edilməsi qərara alınmışdır.

19 fevral 2025-ci il tarixdə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilmiş mərasimdə müsabiqə qaliblərinə təntənəli qaydada müvafiq diplomlar təqdim edilmişdir.