Azərbaycan Respublikasının prokurorluq orqanlarında 2022-ci ilin yekunlarına əsasən “İlin ən yaxşı müstəntiqi” müsabiqəsi keçirilib
Prokurorluq orqanlarında ibtidai istintaq fəaliyyətinin keyfiyyətinin daha da yaxşılaşdırılması, işin səmərəliliyinin artırılması, prokurorluq işçilərinin peşəkarlıqlarının, motivasiyalarının yüksəldilməsi, müsbət iş təcrübəsinin yayılması, kadr ehtiyatının formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun 21.12.2021-ci il tarixli 15/24 №-li əmri ilə təsdiq edilmiş Təlimata uyğun olaraq 2022-ci ilin yekunlarına əsasən prokurorluq orqanlarında “İlin ən yaxşı müstəntiqi” adlı növbəti müsabiqə keçirilib.
İki mərhələdən ibarət müsabiqənin ilk mərhələsi Baş Prokurorluğun struktur qurumlarının rəhbərləri tərəfindən keçirilməklə, müsabiqəsinin ikinci mərhələsində iştirak etmək üçün namizədlər seçilmiş və bununla bağlı müvafiq məlumatlar təqdim edilmişdir.
Müsabiqənin ikinci mərhələsi isə Baş prokurorun müvafiq əmri ilə yaradılmış Baş prokurorun birinci müavini Elçin Məmmədovun sədrliyi və Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının artırılması şöbəsinin böyük prokuroru Çingiz Əli-zadənin katibliyi ilə Müsabiqə Komissiyası tərəfindən həyata keçirilmişdir.
Müsabiqənin ikinci mərhələsində Komissiyanın iclaslarında namizədlərin göstəriciləri, o cümlədən ibtidai istintaqı yekunlaşdırılmış cinayət işlərinin sayı, təsnifatı, törədilmə şəraiti, aktuallığı, mürəkkəbliyi, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin sayı, vurulmuş ziyanın ödətdirilməsi, qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı, törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara və vətəndaşların müraciətlərinə baxılması sahəsində göstəriciləri, habelə digər göstəriciləri komissiyanın sədri və üzvləri tərəfindən təhlil edilib qiymətləndirilərək onların arasından gizli səsvermə yolu ilə daha üstün göstəricilərə malik namizəd qalib hesab olunmuş, habelə 2 və 3-cü yerləri tutan şəxslər müəyyənləşdirilmişdir.
Müsabiqənin yekunu üzrə Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Əzimli Fərrux Rafik oğlu müsabiqənin qalibi hesab olunaraq “İlin ən yaxşı müstəntiqi” seçilmiş, Füzuli hərbi prokurorluğunun müstəntiqi Səfərli Fərid İntiqam oğlu 2-ci, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Cahangirov Emin Elcan oğlu isə 3-cü yerə layiq görülmüşdür.
15 fevral 2023-cü il tarixdə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilmiş mərasimdə müsabiqə qaliblərinə təntənəli qaydada müvafiq diplomlar təqdim edilmişdir.