KATİBLİK

“İlin ən yaxşı müstəntiqi və dövlət ittihamçısı” müsabiqələri – 2022

Prokurorluq orqanlarında “İlin ən yaxşı müstəntiqi” müsabiqəsinin katibliyi

Baş prokurorun 21.12.2021-ci il tarixli 15/25 №-li əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının prokurorluq orqanlarında “İlin ən yaxşı müstəntiqi” müsabiqəsinin keçirilməsi haqqında” Təlimata uyğun olaraq cari ilin yanvar ayının 5-dən 15-dək müsabiqənin birinci mərhələsi keçirilərək yekunlaşdırılmış və katiblik funksiyasını həyata keçirən Mərkəzə müsabiqənin ikinci mərhələsində iştirak etmək üçün 43 prokurorluq qurumundan 49 namizəd barədə təqdimatlar və müstəntiqin işinin kəmiyyət göstəricilərinin əks olunduğu cədvəllər daxil olmuşdur. Müsabiqə Komissiyanın 28.01.2022-ci il tarixdə keçirilmiş ilk iclasında namizədlərin hər birinin göstəriciləri təhlil edilib qiymətləndirilərək, onların arasından səsvermə yolu ilə daha üstün göstəricilərə malik 5 namizəd seçilmişdir. Komissiyanın 08.02.2022-ci il tarixdə keçirilmiş növbəti iclasında seçilmiş 5 namizəd arasından səsvermə yolu ilə müsabiqənin qalibi (Duşdurov Orxan Bəhram oğlu), həmçinin 2-ci və 3-cü yeri tutan müstəntiqlər (Səməndov Zöhrab Nəcəf oğlu və Məmmədli Nicat Qoşqar oğlu) müəyyənləşdirilmişdir. Baş prokuror tərəfindən 22.02.2022-ci il tarixdə müsabiqənin qalibi olmuş prokurorluq işçilərinə diplom və mükafatlar təqdim edilmişdir.

Prokurorluq orqanlarında “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqəsinin katibliyi

Baş prokurorun 21.12.2021-ci il tarixli 15/24 №-li əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqəsinin keçirilməsi haqqında” Təlimata əsasən müsabiqənin ikinci mərhələsində Mərkəzə göndərilən təqdimatlara əsasən 25 nəfər iştirak etmişdir. Katiblik funksiyasının həyata keçirilməsi ilə əlaqədar Mərkəz tərəfindən ümumiləşmə aparılaraq namizədliyi irəli sürülən şəxslərin fəaliyyəti təhlil edilmiş və təhlil materialları Müsabiqə Komissiyasına təqdim edilmişdir. Komissiyanın 10.02.2022-ci il tarixli ilk iclasında keçirilən səsvermə nəticəsində ən yüksək göstəriciyə malik 8 namizəd növbəti iclasda iştirak hüququ əldə etmişdir. Komissiyanın 11.02.2022-ci il tarixli ikinci iclasında isə seçilmiş namizədlər arasından səsvermə yolu ilə müsabiqənin qalibi (Əliyev Şaiq Allahyar oğlu), həmçinin 2-ci və 3-cü yeri tutan şəxslər (Rizvanov Qalib Arif oğlu və Zakirzadə Babək Yamən oğlu) müəyyənləşdirilmişdir. Baş prokuror tərəfindən 22.02.2022-ci il tarixdə müsabiqənin qalibi olmuş prokurorluq işçilərinə diplom və mükafatlar təqdim edilmişdir.
Hər iki müsabiqənin keçirilməsi haqqında təlimatların təkmilləşdirilməsi ilə əlaqədar katiblik tərəfindən irəli sürülmüş təkliflər məqbul hesab olunaraq, Baş prokurorun 07.10.2022-ci il tarixli 15/37 №-li əmri ilə “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin keçirilməsi haqqında təlimatlara dəyişikliklər edilmişdir.