“İntihar və özünü öldürmə həddinə çatdırma (sosial fenomen və cinayət)” adlı kitab
Baş Prokurorluğun İstintaqa nəzarət idarəsi ilə birgə Elm-Tədris Mərkəzi tərəfindən “İntihar və özünü öldürmə həddinə çatdırma (sosial fenomen və cinayət)” adlı kitab hazırlanmışdır. Kitabın təcrübədə istifadə olunması müvafiq sahəyə müsbət təsir göstərəcəyi üçün bu vəsait prokurorluğunun adından və maliyyə vəsaiti hesabına çap olunub istifadəyə verilmişdir.
Bu kitab 1 (bir) cild, 96 vərəqədə olmaqla, üzlükdən, titul vərəqindən, mündəricatdan, girişdən, əsas mətndən, cədvəllərdən və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir, əsas mətn isə 6 fəslə, 37 bəndə və alt bəndlərə bölünüb.
“İntihar – sosial psixoloji fenomen” adlanan 1-ci fəsildə “intihar” termininin mənası, xarici ölkələrdə inkişaf səviyyəsi və dini mənsubiyyəti baxımından intihar hallarına yanaşma, belə halların yaş və cinsi baxımından göstəriciləri, onların törədilmə üsulları baxımından göstəriciləri, intiharın emosional formaları (həqiqi, nümayişkaranə və gizli) göstərilmişdir.
“İntihar hallarının psixoloji aspektləri” adlanan 2-ci fəsildə intihar hallarının baş vermə səbəbi, belə hallara təsir edici emosional faktorlar, onlara kütləvi informasiya vasitələrinin, internetin, erkən və məcburi nikahın, pandemiya ilə bağlı tətbiq olunan karantin tədbirlərinin, ilin fəsillərinin, hərbi xidmətin və depressiya xəstəliyinin təsiri açıqlanmışdır. Həmçinin bu fəsildə intihar hallarına xəstəliklərin təsiri və psixiatriya yardımının təşkili, o cümlədən bu sahədə beynəlxalq təcrübə, habelə intihara meylli şəxslərin davranış formaları və intiharın həyata keçirmə üsulları (asma, özünü yandırma, hündürlükdən özünü atma, kəsici alətlə özünə xəsarət yetirmə, odlu silahla özünü vurma, suda boğulma və digər) qeyd edilmişdir.
Kitabın 3-cü fəslində Azərbaycanda 2010 – 2020-ci illər ərzində intihar üzrə statistik göstəricilər müxtəlif parametrlər üzrə öz əksini tapmışdır.
Kitabın 4-cü fəsli Azərbaycanda baş vermiş və ictimaiyyətdə rezonans doğurmuş yetkinlik yaşına çatmayanların intihar və intihara cəhd hadisələrinə həsr edilmişdir.
Eyni zamanda Kitabın 5-ci bəndində özünü öldürmə həddinə çatdırma əməlinə görə Azərbaycanda məsuliyyətə toxunularkən, postsovet və digər xarici ölkələrinin qanunvericiliyi misal kimi göstərilmişdir.
“İntihar hallarının qarşısının alınması üzrə preventiv tədbirlər və təkliflər” adlanan 6-cı fəsildə isə təşkilati və inzibati şərtlərə, psixoloji və pedaqoji şərtlərə cavab verən təkliflər, eləcə də xəstəliklə əlaqəli intihar halların qarşısının alınması üzrə təkliflər, habelə intihar hallar üzrə araşdırmanın daha dolğun aparılması ilə bağlı təkliflər öz əksini tapmışdır.
Bu nəşrin ərsəyə gəlməsi üçün Baş Prokurorluğun İstintaqa nəzarət idarəsi tərəfindən təqdim edilmiş məlumatlar istifadə olunmuş, təhlil nəticələri qrafikləşdirilmişdir. Kitab həmçinin mətninə uyğun şəkil, cədvəl və illüstrasiya ilə zəngindir, onun tərtibi zamanı biblioqrafik istinadlara, nömrələnməyə, şərti işarə, simvol, vahid və terminlərin qoyuluşuna düzgün əməl edilib.
Azərbaycanda 2020-ci ildə aylar üzrə baş verən intihar hadisələrin sayı | |||||||||||
Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
50 | 42 | 51 | 36 | 55 | 57 | 66 | 62 | 45 | 36 | 47 | 50 |
Kitabda olan kriminoloji məlumatlar və onların əhəmiyyəti nəzərə alınaraq, nəşrdən hüquq-mühafizə orqanlarında, eləcə də hüquq sahəsində ixtisaslaşmış təhsil və tədris müəssisələrində istifadə edilməsi mümkündür.