Digər qurumlara metodiki ədəbiyyatın hazırlanmasına köməklik edilməsi və rəy verilməsi – 2020
Rəy, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsi tərəfindən hazırlanmış “Hüquqi şəxslərin cinayət məsuliyyəti” adlı metodik vəsait (bundan sonra – Metodik vəsait) üzrə Baş Prokurorluğun İşin Təşkili Qaydalarının 259-cu bəndinə və “Azərbaycan Respublikasının prokurorluq orqanlarında metodik ədəbiyyatın nəşri Qaydaları”nın (bundan sonra – Qaydalar) 6.2-ci bəndinə uyğun olaraq 18.09.2020-ci il tarixdə verilmişdir.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəy verilməsi üçün təqdim edilmiş Metodik vəsait Qaydaların tələblərinə uyğun olaraq tərtib edilmişdir. Belə ki, Metodik vəsait Qaydaların 3.1-ci bəndinə müvafiq olaraq Baş prokurorun tövsiyəsinə əsasən hazırlanmış; Qaydaların 3.3-cü bəndi nəzərə alınaraq aktuallığı ilə seçilən mövzuya üstünlük verilmiş; Qaydaların 5-ci bəndində nəzərdə tutulmuş metodik ədəbiyyata dair formal tələblərə əməl edilmiş; Qaydaların 4.1-ci bəndinə əsasən vəsaitin hazırlanması üçün tələb olunan ədəbiyyat və digər məlumat mənbələrinin dairəsi müəllif tərəfindən müəyyən edilmişdir. Qaydaların 6.1-ci bəndinə uyğun olaraq Metodik vəsaitin ilkin layihəsi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin aidiyyəti qurumlarına göndərilmiş, həmin qurumların təklifləri müəllif tərəfindən dəyərləndirilmiş, müvafiq dəyişikliklər edilərək Metodik vəsait rəy verilməsi üçün Mərkəzə təqdim olunmuşdur.
Təqdim edilmiş Metodik vəsait 87 səhifədə olmaqla, üzlükdən, titul vərəqindən, ön sözdən, mündəricatdan, girişdən, əsas mətndən və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir. Əsas mətn isə 7 fəslə bölünür.
Metodik vəsait hüquqi şəxslərin cinayət məsuliyyətinin xüsusiyyətlərinə həsr olunub, onun məzmunu bu sahədə milli qanunvericiliyin tələblərini və beynəlxalq təcrübəni əks etdirir, müvafiq kommentari və şərhlərə istinadən hüquqi şəxslərin cinayət və inzibati məsuliyyətinin fərqini işıqlandırır, istintaq təcrübəsindən maraqlı misallar gətirməklə bu növ cinayətlərin istintaq metodikasını ətraflı əhatə edir. Həmçinin Metodik vəsaitdə bu növ cinayətlərin qarşısının alınması, qanunvericiliyin və istintaq metodikasının təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflər irəli sürülüb. Metodik vəsait mətninə uyğun şəkil və cədvəllərlə, illüstrasiya və qrafiklərlə zəngindir, onun tərtibi zamanı biblioqrafik istinadlara, nömrələnməyə, şərti işarə, simvol, vahid və terminlərin qoyuluşuna Qaydalara uyğun olaraq düzgün əməl edilmişdir.
Göründüyü kimi, bu Metodik vəsait lazımi səviyyədə hazırlanmış, onun təcrübədə istifadə olunması müvafiq sahədə yol verilən xarakterik nöqsan və çatışmazlıqların, habelə prokurorluq işçilərinin rastlaşdıqları çətinliklərin aradan qaldırılmasına müsbət təsir göstərəcəkdir. Şərh olunanlar Metodik vəsaitin Azərbaycan Respublikası Prokurorluğunun adından və onun maliyyə vəsaiti hesabına nəşrinin məqsədə uyğun olması nəticəsinə gəlməyə əsas vermişdir.