“Dövlət və bələdiyyə orqanlarından, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarından, onların vəzifəli şəxslərindən, o cümlədən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən mənimsəmə və qulluq mənafeyi əleyhinə olan cinayət faktları ilə bağlı müraciətlərin baxılmasına dair vahid təcrübənin formalaşdırılması barədə” adlı
Qeyd olunan metodik vəsait Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev tərəfindən verilən tapşırığına əsasən 2025-ci ildə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmışdır.
Nəşr Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyevin rəhbərliyi və müəllifliyi ilə Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin rəisi Ramil Camalov, şöbənin prokuroru Rəşad Qasımov və Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokuroru Ruslan Ağayev tərəfindən hazırlanıb.
Metodik vəsait hazırlanarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin və Azərbaycan Respublikası Auditorlar Palatasının səlahiyyətli nümayəndələrinin iştirakı ilə müzakirələr aparılmış, onların rəy, təklif və tövsiyələri nəzərə alınmışdır.
Vəsait 1 (bir) cild, 134 səhifədə olmaqla, 4 fəsilə və 10 bəndə bölünüb.
Metodiki vəsaitin əsas məqsədi dövlət və bələdiyyə orqanlarından, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarından, onların vəzifəli şəxslərindən, o cümlədən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən mənimsəmə və qulluq mənafeyi əleyhinə olan digər cinayət faktları ilə bağlı müraciətlərin baxılmasına dair vahid təcrübənin formalaşdırılması məqsədilə təftişin, auditin və məhkəmə-mühasibat ekspertizasının aparılmasının xüsusatlarını və spesifikliyini diqqətə cəlb etməkdir.
Metodik vəsaitdə yeni inkşaf mərhələsində ölkə iqtisadiyyatının və sahibkarlığa dövlət qayğısının ümumi mənzərəsinə də yer ayrılmışdır.
Eyni zamanda tədqiqatda mənimsəmə və ya israf etmə cinayətinin nəzəri aspektləri və hüquqi xarakteristikası geniş şərh edilmiş, həmçinin bu cinayətlər beynəlxalq təcrübə baxımından təhlil edilmişdir.
Təhlil zamanı qeyd olunan sahə üzrə əhəmiyyət kəsb edəcək statistik göstəricilər və misallar üzərində müəyyən edilmiş əsas çətinliklər oxucuların diqqətinə cəlb edilir.

Qeyd etmək lazımdır ki, iqtisadi sahədə baş vermiş cinayətin aşkar edilməsində təftiş ən çox tətbiq edilən metodlardan biridir. Təftişlə yoxlanılan sahənin spesifik xüsusiyyətlərindən asılı olaraq müxtəlif üsullardan istifadə edilir. Vəsaitdə bu üsullar ətraflı şərh olunur. Eyni zamanda nəşrdə səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalar üzrə auditorların vəzifələri, məsuliyyəti və standartlarına geniş yer ayrılmışdır.
Vəsaitdə ekspertiza icraatı ilə əlaqədar olan hüquqi boşluqlar və çətinliklər, həmçinin, bu mexanizmdən yaranan çoxşaxəli fəaliyyət təhlil edilmiş, səmərəli təkliflər irəli sürülmüşdür. Bu məqsədlə tədqiqata məhkəmə-iqtisadi ekspertizasının anlayışı, obyektləri, təyin olunmasının hüquqi və faktiki əsasları, həmçinin ekspertizanın təyin edilməsi və keçirilməsi, ekspert rəyi və onun sübut etmə prosesində rolu barədə kifayət qədər geniş materiallar daxil edilmişdir.
Bu metodiki vəsait normativ hüquqi sənədlərin və prosessual qərarların hüquqi təhlilinə, müqayisəli hüquq metoduna, eləcə də istintaq orqanlarının və məhkəmə ekspertizasının praktik təcrübəsinin təhlilinə əsaslanır. Əsas mənbələr Azərbaycan Respublikasının Konstitusiyası, cinayət və cinayət prosessual qanunvericilik, müvafiq təlimatlar və əsasnamələr, eləcə də yerli və beynəlxalq hüquqi ədəbiyyatlardır.
Metodiki vəsaitdə prokurorluq orqanlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərdən mənimsəmə və qulluq mənafeyi əleyhinə olan cinayət faktları ilə bağlı müraciətlər üzrə aparılan araşdırmaların səmərəliyin artırılması və vahid təcrübənin formalaşdırılması məqsədilə bir çox tövsiyələr təqdim edilir.
Vəsait prokurorluq və hüquq mühafizə orqanları işçiləri, ekspertlər, auditorlar, bu sahədə araşdırma aparan şəxslər üçün nəzərdə tutulub.
Vəsaitdə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun misallarla, illüstrasiya və qrafiklərlə zəngindir.

