METODİKİ İŞ

“Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlinin cinayət-hüquqi xarakteristikası və istintaq təcrübəsi” adlı metodiki vəsait

2025-ci ildə “Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlinin cinayət-hüquqi xarakteristikası və istintaq təcrübəsi” adlı metodiki vəsait Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi tərəfindən tədqiqat materialları əsasında ərsəyə gəlib.
Xüsusən də metodiki ədəbiyyat Mərkəzin Elmi-tədqiqat işinin təşkili şöbəsinin rəisi Ramin Camalov, şöbənin prokuroru Rəşad Qasımov, Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova, eləcə də Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Selcan Familzadə və həmin idarənin prokuroru Ruslan Hüseynov tərəfindən hazırlanıb.
Vəsait 1 (bir) cild 142 səhifədə olmaqla, üzlükdən, titul vərəqindən, annotasiyadan, mündəricatdan, əsas mətndən, eləcə də istifadə olunmuş ədəbiyyat və mənbələr siyahısından ibarətdir. Əsas mətn isə 4 fəsilə və 13 bəndə bölünüb.
Qeyd edildiyi kimi, bu metodiki vəsait Azərbaycan Respublikasında məhkəmə qərarlarının icrasının hüquqi və cinayət-hüquqi aspektlərinin tədqiqatı nəticəsində ərsəyə gəlib. Tədqiqatın əsas məqsədi, məhkəmə qərarlarının icrasının hüquqi çərçivəsini, mövcud problemləri və icra edilməməsinin cinayət-hüquqi nəticələrini araşdırmaqla yanaşı, Azərbaycan və beynəlxalq təcrübəni nəzərə alaraq, bu sahədə tətbiq edilən istintaq metodlarını təhlil etməkdir. Metodiki vəsaitdə prokurorluq orqanlarının məhkəmə qərarlarının icra edilməməsi faktı ilə bağlı aparılan ibtidai araşdırma üzərində prosessual rəhbərliyin effektivliyini artırmaq, eləcə də maddi və prosessual hüquq normalarının tətbiqinin qanuniliyini artırmaq üçün tövsiyələr təqdim edir. Vəsaitdə yer alan təhlillər Azərbaycan Respublikasının Konstitusiyasına, “Məhkəmələr və hakimlər haqqında”, “İcra haqqında” qanunlara və digər normativ aktlara, həmçinin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq icra edilməmiş məhkəmə qərarlarının və onun nəticələrinin hüquqi və təcrübi problemlərini üzə çıxarır.

 

 

Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə uyğun olaraq məhkəmə qərarlarının məcburi icrası hüququnun insan hüquqlarının təmin olunması aspektindən xüsusi əhəmiyyəti vardır. Odur ki, vəsaitdə presedent hüquqdan misallar yer alıb.
Eyni zamanda vəsaitin “Məhkəmə qərarlarının icra olunmamasına qarşı xarici ölkələrin qanunvericiliyi” adlanan 4-cü fəslində Müstəqil Dövlətlər Birliyinin və Baltikyanı ölkələrin təcrübəsi, Türkiyə, ABŞ, Almaniya və İtaliya kimi inkişaf etmiş ölkələrin qanunvericiliyi göstərilib.
Bu vəsait məhkəmə qərarlarının icrasının səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan və beynəlxalq təcrübədə müsbət nəticələr əldə etmiş metodiki tövsiyələri təklif edir. Metodiki vəsait hüquq mühafizə orqanları işçiləri, prokurorlar, məhkəmə icraçıları, hüquqşünaslar və bu sahədə araşdırma aparan şəxslər üçün nəzərdə tutulub.

Vəsaitdə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun misallarla, illüstrasiya və qrafiklərlə zəngindir.