METODİKİ İŞ

Prokurorluq orqanlarının peşə hazırlığı, elmi-tədqiqat və metodiki iş sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsinin təhlili əsasında vəsait hazırlanıb

 

“Prokurorluq orqanlarının peşə hazırlığı, elmi-tədqiqat və metodiki iş sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsi: 2020 – 2024” adlı vəsait Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev tərəfindən təsdiq edilmiş Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin 2024-cü ilin ikinci yarımilinə dair İş planının icrası nəticəsində ərsəyə gəlib.
Vəsait Mərkəzin rəisi Mübariz Əhmədovun rəhbərliyi ilə müvafiq sahədə tədqiqat aparmış Mərkəzin rəis müavini Talıb Cəfərov, Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev və Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli tərəfindən hazırlanıb.
Vəsait bir cild 109 səhifədə olmaqla, üzlükdən, titul vərəqindən, annotasiyadan, mündəricatdan, əsas mətndən, istifadə olunmuş ədəbiyyat və mənbələr siyahısından, eləcə də əsas mətn 3 fəsildən ibarətdir.
Vəsaitdə ilk növbədə prokurorluq orqanlarda peşə hazırlığının, elmi-praktiki tədqiqatların aparılmasının və metodiki işin təşkili qaydaları göstərilib. Daha sonra tədrisin təşkili, tədqiqatların aparılması, vəsaitlərin hazırlanması və elmi-tədqiqat tədbirlərində iştirak sahələrində formalaşmış beynəlxalq əməkdaşlıq təcrübəsi barədə ətraflı məlumat verilib. Bu kontekstdə xüsusən Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus və Macarıstan Respublikalarının ixtisaslaşmış tədris müəssisələri, eləcə də Türk Ədliyyə Təlim Şəbəkəsi ilə Mərkəz arasında imzalanmış memorandumlar və mövcud əlaqələr qeyd olunub.
Bundan başqa, vəsaitdə Mərkəzin iştirakı ilə 2020 – 2024-cü illər ərzində Rusiyanın, ABŞ-nin, Şimali Kiprin, Tacikistanın, Qırğızıstanın, Ukraynanın, Litvanın, İtaliyanın, Gürcüstanın, Moldovanın, Fransanın, Almaniyanın, Bolqarıstanın, Belçikanın, Polşanın, Latviyanın və Keniyanın müvafiq qurumları ilə tədris və elmi-tədqiqat sahəsində keçirilmiş tədbirləri öz əksini tapıb.
Eyni zamanda bu sahədə beynəlxalq təşkilatlarla yaranmış əlaqələrə toxunularaq, vəsaitdə Mərkəz əməkdaşlarının iştirak etdiyi Avropa Şurasının və Avropa İttifaqının müxtəlif layihələri üzrə keçirilmiş tədbirlər, Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAİEX) çərçivəsində baş tutmuş görüşlər, Avropa İttifaqının dəstəyi ilə keçirilən Tvinninq layihəsi, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının, Şanxay Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), eləcə də BMT-nin Uşaq Fondunun (UNİCEF), Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO), Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) tədbirləri göstərilib.
Sonda qeyd olunan fəaliyyət sahələri üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanaraq, bu istiqamətdə işin səmərəliyinin artırılması üçün bir sıra təkliflər irəli sürülüb. Ümumiyyətlə vəsaitdə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun foto və illüstrasiya ilə zəngindir.