METODİKİ İŞ

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar vəsait hazırlanıb

“Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” adlı vəsait 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Baş prokuror tərəfindən təsdiq edilmiş Tədbirlər Planının icrası məqsədilə hazırlanıb.
144 səhifə həcmində olan vəsait nəşrə məxsus struktur hissələrdən, əsas mətn isə 11 bənddən ibarətdir. Vəsaitdə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun illüstrasiya və qrafiklərlə zəngindir.

 

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin, onun layiqli davamçısı olan ölkəmizin Prezidenti cənab İlham Əliyevin, eləcə də respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ekoloji tarazlığın qorunub saxlanılmasına, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinə yönəlmiş işlərin həcmi o qədər böyükdür ki, heç bir nəşrə sığmaz. Odur ki, bu vəsaitdə görülmüş işlərə yalnız qısa ekskurs edilib, bu sahədə yaradılmış geniş qanunvericilik bazasının xülasəsi verilib.


 

Vəsaitdə Azərbaycanın ekologiya sahəsində beynəlxalq əməkdaşlığı əks etdirilərək, ekologiya hüququnun əsasını təşkil edən beynəlxalq sazişlər və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlətlərarası təşkilatlar barədə qısa məlumatlar yer alıb, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının əsas tədbiri hesab edilən sessiyalarının (COP29) əhəmiyyəti vurğulanıb.


 

Daha sonra bu nəşrdə ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətini həyata keçirən qurumlar və Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri göstərilib, Ekoloji İnformasiyanın Birgə Sisteminin fəaliyyət prinsipləri açıqlanıb.
Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan xətalara görə inzibati məsuliyyəti və ekoloji cinayətlərə görə cinayət məsuliyyəti nəzərdə tutan normaların tətbiqi xüsusiyyətləri bu vəsaitdə geniş təsvir edilib.

Vəsaitin sonunda ətraf mühitin mühafizəsi sahəsində prokurorluğun və digər hüquq-mühafizə orqanlarının fəaliyyəti, bu sahədə əldə edilmiş nailiyyətlər əks etdirilib.