METODİKİ İŞ

Qanunsuz miqrasiyanın qarşısının alınması üzrə prokurorluğun fəaliyyətinin təhlili əsasında vəsait hazırlanıb

 

“Azərbaycan Prokurorluğunun qanunsuz miqrasiyanın qarşısının alınması üzrə fəaliyyəti” adlı vəsait Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev tərəfindən təsdiq edilmiş Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin 2024-cü ilin birinci yarımilinə dair İş planının icrası nəticəsində ərsəyə gəlib.
Vəsait müvafiq sahədə tədqiqat aparmış Mərkəzin rəis müavini Talıb Cəfərov, şöbə prokurorları Məhərrəm Əzizbəyov və Rauf Abdullayev tərəfindən ilk öncə azərbaycan dilində hazırlanmış, daha sonra onun MDB üzv dövlətləri baş prokurorlarının Əlaqələndirmə şurasının qərarına uyğun olaraq birgə tədqiqatın aparılmasında istifadə edilməsi məqsədilə Rusiya Federasiyası Prokurorluğunun Universitetinə təqdim olunması üçün rus dilinə tərcümə edilmişdir.
Vəsait 1 (bir) cild 172 səhifədə olmaqla, üzlükdən, titul vərəqindən, annotasiyadan, mündəricatdan, əsas mətndən, eləcə də istifadə olunmuş ədəbiyyat və mənbələr siyahısından ibarətdir. Əsas mətn isə 10 bəndə bölünüb.
Vəsaitdə qanunsuz miqrasiya sahəsinə qısa ekskurs edilərək, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilmiş tədbirlərə toxunulub; Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən qurumlar, eləcə də qanunsuz miqrantların saxlanılması mərkəzləri barədə məlumat verilib; miqrasiyanın təşkilinin milli qanunverici əsaslarına münasibət bildirilib.
Eyni zamanda bu nəşrdə Azərbaycan dövlətinin miqrasiya sahəsində beynəlxalq münasibətləri qeyd olunaraq qanunsuz miqrasiyanın təşkili ilə bağlı məsuliyyəti müəyyən edən milli qanunvericilik açıqlanıb.


Mİqrasİya pozuntuları üzrə görülmüş İnzİbatİ tədbİrlər

 

 

Bundan başqa, vəsaitdə Azərbaycanda qanunsuz miqrasiyanın təşkili cinayətinin tərkib elementləri, qeyri-qanuni miqrasiya sahəsində son 5 ilin statistik göstəriciləri və qanunsuz miqrasiyanın təşkili cinayətinin istintaq təcrübəsi yer alıb. Bu kimi cinayət işləri üzrə mövcud olan hüquqi problemlərə toxunularaq, müəlliflər həmin problemlərin həlli yollarına öz münasibətini bildiriblər.
Ümumiyyətlə sənəddə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun illüstrasiya, cədvəl və qrafiklərlə zəngindir.
Tədqiqatın yekununa dair bu sənəd elmi xarakter daşımaqla yanaşı praktiki əhəmiyyət kəsb edir, eləcə də onun iki dildə hazırlanması xarici tərəfdaşların Azərbaycan Prokurorluğunun fəaliyyəti ilə tanış olmasını mümkün edir.