METODİKİ İŞ

“Milli və beynəlxalq qanunvericiliyin kontekstində: etik davranış qaydaları və şəxsi həyat anlayışı” adlı məcmuə

“Milli və beynəlxalq qanunvericiliyin kontekstində: etik davranış qaydaları və şəxsi həyat anlayışı” adlı məcmuə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin 2024-cü ilin birinci yarımilinə dair İş planının icrası nəticəsində ərsəyə gəlmişdir.
Layihə rəhbəri Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov olan bu məcmuə Mərkəzin rəis müavini Səbuhi Şahverdiyev, böyük prokuroru İradə Xəlilova, Elmi-tədqiqat işinin təşkili şöbəsinin rəisi Ramin Camalov, eləcə də Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova tərəfindən hazırlanaraq, 115 səhifə həcmində olaraq müvafiq struktur hissələrdən, o cümlədən 2 fəsildən və 12 bölmədən ibarətdir.
Nəşrdə milli və beynəlxalq qanunvericiliyin kontekstində etik davranış qaydalarına toxunularkən, davranış qaydaların nəyi ehtiva etdiyi açıqlanmış, bu məsələlər üzrə beynəlxalq aktlar (Beynəlxalq Prokurorlar Assosiasiyasının prokurorlar üçün müəyyən etdiyi peşə məsuliyyəti, əsas hüquq və vəzifə standartları; Prokurorluq işçilərinin etik davranış qaydaları üzrə Avropa Rəhbər Göstərişləri; Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri və sair) göstərilmişdir. Məcmuədə etik davranış məsələləri üzrə müxtəlif xarici ölkələrin qanunvericilik və təcrübələrindən nümunələr (ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Belçika, Türkiyə, Rusiya və sair), həmin ölkələrdə mövcud olan Etik Komissiyalar öz əksini tapmışdır. Nəşrdə etik davranışın tənzimlənməsi ilə bağlı ölkəmizdə, eləcə də prokurorluq orqanlarında həyata keçirilən tədbirlər də işıqlandırılmış, Prokurorluq İşçilərinin Yeni Etik Davranış Kodeksinin xüsusiyyətləri açıqlanmış, bu sahədə maarifləndirici tədbirlərin keçirildiyi göstərilmiş, habelə beynəlxalq və milli təcrübənin müqayisəsi aparılmışdır.


 

 

Nəşrdə milli və beynəlxalq qanunvericiliyin kontekstində şəxsi həyat anlayışına və onu ehtiva edən əlamətlərə toxunularkən, dövlətimizin Konstitusiyasında, Cinayət Məcəlləsində, “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” Qanunlarında şəxsi və ailə həyatı sirrinin qorunması necə təsbit olunduğu öz əksini tapmışdır. Həmçinin nəşrdə fərdi məlumatların toplanılması, işlənilməsi, verilməsi, yayılması və mühafizəsi ilə bağlı mexanizm açıqlanmış, cinayət mühakimə icraatında şəxsi həyat sirrinin qorunmasının xüsusiyyətləri göstərilmişdir. Məcmuədə bu məsələ xarici ölkələrin qanunvericiliyində necə təsbit edildiyi, Avropa İnsan Hüquqları Konvensiyasında və ondan irəli gələn presedent hüququnda şəxsin fiziki, psixoloji və ya mənəvi toxunulmazlığı; şəxsi həyatın gizli qalmalı olan aspektləri; şəxsin identikliyi; mənzil toxunulmazlığı hansı qaydada qiymətləndirildiyi qeyd edilmiş, presedent hüququndan nümunələr gətirilmişdir.
Ümumiyyətlə məcmuədə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun foto, qrafik və illüstrasiyalarla, eləcə də misallarla zəngindir.