METODİKİ İŞ

“Prosessual və xidməti sənədlərin nümunəvi formaları” adlı toplular

Prokurorluğun ən mühüm fəaliyyət istiqamətlərindən olan ibtidai istintaqın aparılması və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, dövlət ittihamının müdafiəsi, korrupsiya hüquqpozmaları ilə əlaqədar əməliyyat-axtarış fəaliyyəti, habelə cinayət təqibindən kənar icraatlarla bağlı tərtib edilən prosessual sənədlərin forma və məzmun baxımından təkmilləşdirilməsinə, bu sahədə vahid təcrübənin formalaşdırılmasına, habelə qeyd olunan sənədlərin son illər cinayət prosessual qanunvericiliyinə edilən əlavə və dəyişikliklərə uyğunlaşdırımasına zərurət yarandığından Baş prokuror tərəfindən “Prosessual sənədlərin nümunəvi formalarının təkmilləşdirilməsi ilə bağlı işçi qrupunun yaradılmasına dair” 09.07.2020-ci il tarixli 10/75 №-li Sərəncam imzalanmışdır.
Sərəncamda göstərilən vəzifələrin icrası ilə əlaqədar yol xəritəsi hazırlanmış, bu xəritədə görüləsi tədbirlər, işçi qrupunun iclasları, habelə qrup üzvləri arasında iş bölgüsü əvvəlcədən planlaşdırılmış, xəritə üzrə suallara Zoom portalları üzərində keçirilmiş işçi qrupunun video iclasında aydınlıq gətirilmişdir. Nümunəvi formalar hazırlanarkən, qanunvericilikdə olan dəyişikliklər, hüquq elminin və presedent hüququnun müasir tələbləri, tanınmış hüquqşünasların şərhi, formalaşmış təcrübə nəzərə alınmış, sənədlərin strukturu isə hüquqi məntiqin tələblərinə uyğunlaşdırılmışdır.
Ümumilikdə işçi qrupu tərəfindən 217 prosessual sənədin nümunəvi forması hazırlanmış və onlar müvafiq sahələr üzrə sistemləşdirilmişdir. Bu sənədlər əsasında hazırlanmış “Prosessual sənədlərin nümunəvi formaları” adlanan kitab 375 vərəqdə olmaqla, strukturu titul vərəqəsindən, mündəricatdan, əsas mətni isə 7 bölmədən ibarətdir.
Eyni vaxtda hazırlanmış “Xidməti sənədlərin nümunəvi formaları” adlanan vəsait isə 31 vərəqdə olmaqla, strukturu titul vərəqəsindən, mündəricatdan, əsas mətni 17 nümunəvi formadan ibarətdir.
Baş Prokurorluq üzrə “Prosessual və xidməti sənədlərin nümunəvi formalarının tətbiqi barədə” 14.09.2020-ci il tarixli 15/3 №-li əmr imzalanaraq, bu formalar istifadəyə verilmişdir.
Eyni zamanda İşçi qrupu tərəfindən bu nümunəvi formalardan daha səmərəli və asanlıqla istifadə edilməsi üçün onların Baş Prokurorluğun rəsmi saytında yerləşdirilməsi təmin edilmişdir. Bununla da vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılmasına ciddi töhvə verilmişdir.