METODİKİ İŞ

Oxucuların sərəncamına həkim səhvləri ilə bağlı metodik vəsait verilib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin İş planına əsasən Mərkəzin əməkdaşları Talıb Cəfərov, Nigar Əskərova, Rauf Abdullayev, Ruslan Ağayev və Məhərrəm Əzizbəyov tərəfindən “Həkim səhvləri ilə bağlı məlumatlar üzrə istintaq-araşdırma təcrübəsi” adlı Metodik vəsait hazırlanaraq dərc edilmişdir.
Metodik vəsait 127 səhifədə olmaqla, titul vərəqindən, annotasiyadan, mündəricatdan, ön sözdən, giriş və əsas hissələrdən, eləcə də istifadə olunmuş ədəbiyyat və mənbə siyahısından ibarətdir. Əsas hissə isə 3 fəslə, 12 bəndə və 3 yarımbəndə bölünüb.
İlk öncə vəsaitdə əhalinin sağlamlığının qorunmasının hüquqi əsasları, o cümlədən bu sahədə milli qanunvericilik, klinik protokollar və beynəlxalq sazişlər göstərilib. Bundan başqa, tibbi yardım göstərilməsi cinayət hüququnun müstəvisində analiz olunarkən, qədim dövrlərdə həkim səhvlərinə yanaşma, bu sahədə milli və xarici ölkələrin cinayət qanunvericiliyi (ABŞ, İngiltərə, Almaniya, İsveçrə, Fransa, BƏƏ, Çin, Koreya, Yaponiya, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və digər) əks etdirilib.
Həkim səhvləri ilə bağlı yerli mediada dərc edilmiş rezonanslı məlumatlara toxunan müəlliflər, ölkəmizdə bu cür məlumatların araşdırılması vəziyyətini, təhlillə müəyyən edilmiş empirik faktları və risk göstəriciləri üstün olan tibb müəssisələrini diqqətə çatdırmışlar.

Vəsaitin nəticə hissəsində həkim səhvləri ilə bağlı məlumatların araşdırılması metodikası açıqlanaraq, araşdırma aparılmasına dair 18, ekspertiza keçirilməsi üzrə 7 və tövsif məsələlərinə dair 10, ümumilikdə 35 metodiki tövsiyə yer alıb. Vəsaitin sonunda isə xarici ölkələrin qabaqcıl təcrübəsinin milli qanunvericiliyə tətbiqinin mümkünlüyü nəzərə alınaraq, ölkəmizin cinayət qanunvericiliyinin təkmilləşdirilməsi üzrə 4 təklif irəli sürülüb.
Ümumiyyətlə vəsaitdə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun foto, qrafik və illüstrasiyalarla, eləcə də misallarla zəngindir.