METODİKİ İŞ

“Azərbaycan Prokurorluğunda kriminoloji proqnozlaşdırma metodologiyasına yanaşma” adlı Metodik vəsait hazırlanıb

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Kriminoloji proqnozlaşdırma metodologiyasına ümumi yanaşma” mövzusunda elmi tədqiqat aparılmışdır. Tədqiqat çərçivəsində ilk öncə kriminologiya sahəsində hüquq üzrə alimlərin yeni elmi əsərləri və xarici tərəfdaşların təcrübələri öyrənilmiş, prokurorluqda tətbiq edilən və ya tətbiqi mümkün olan kriminoloji metodlar nəzərdən keçirilmişdir.
Tədqiqatın yekunu üzrə Mərkəzin rəis müavini Talıb Cəfərov, Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova, Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin prokuroru Rauf Abdullayev tərəfindən “Azərbaycan Prokurorluğunda kriminoloji proqnozlaşdırma metodologiyasına yanaşma” adlı Metodik vəsait hazırlanıb.
Bu vəsait elmi-kriminoloji xarakter daşımaqla yanaşı praktiki əhəmiyyət kəsb edir. Belə ki, tərkibində olan kriminoloji misallar, düsturlar, məsələlər və onların həlli qaydaları – prokurorluq qurumları tərəfindən cinayətkarlığın vəziyyətinin analizi üçün istifadə oluna bilər. Eləcə də onun xarici dildə (rus dilində) hazırlanması xarici tərəfdaşların Azərbaycan Prokurorluğunun fəaliyyəti ilə tanış olmasını mümkün edir.
Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın və “Azərbaycan Respublikasının prokurorluq orqanlarında metodik ədəbiyyatın nəşri Qaydaları”nın tələblərinə uyğun hazırlanmış bu vəsait 1 (bir) cild 118 səhifədə olmaqla, üzlükdən, titul vərəqindən, mündəricatdan, əsas mətndən, eləcə də istifadə olunmuş ədəbiyyat və mənbələr siyahısından ibarətdir. Əsas mətn isə 2 fəslə və 5 bəndə bölünüb.
Nəşrdə kriminologiyaya qısa ekskurs edilərək, əhəmiyyətli kriminoloji hallara və metodlara toxunulur; kriminoloji məlumatların düzgün qiymətləndirilməsi qaydasına izah verilir; kriminoloji situasiyalara və cinayətkarlığın profilaktikasına münasibət bildirilir.
Eyni zamanda vəsaitdə Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətinin təhlilində kriminoloji statistikanın tətbiqi məsələləri göstərilmiş; cinayətin törədilməsinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması vəzifəsinə aydınlıq gətirilmiş; cinayətlərin təsnif və yayılma dərəcəsinin müəyyən edilməsi, habelə kriminoloji təhlillərdə əlaqəli sahələrin göstəricilərinin istifadə olunması qaydaları izah edilmişdir.
Bundan başqa, tədqiqatın yekunu üzrə dərc edilmiş nəşrdə Azərbaycan Respublikasında zorakı cinayətkarlığın vəziyyəti və onun profilaktikası məsələləri, inzibati ərazi vahidlərində qanunçuluq vəziyyətinin analizi, cinayətkarlığa əks təsir və qanuniliyin möhkəmləndirilməsi üzrə tədbirlər qeyd olunub. Həmçinin bu sənəddə Mərkəzin elmi-nəzəri və praktiki tədqiqatların aparılması funksiyasının həyata keçirilməsində formalaşmış təcrübəsi yer alıb. Ümumiyyətlə vəsaitdə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun illüstrasiya, cədvəl və qrafiklərlə zəngindir.