METODİKİ İŞ

“Uzun müddət bağlı qalmış qəsdən adam öldürmə və ölümlə nəticələnən digər cinayətlər üzrə istintaq təcrübəsi” adlı metodiki vəsait

Baş Prokurorluğun İstintaq, Prokurorluqda istintaqa nəzarət idarələri və Elm-Tədris Mərkəzi tərəfindən “Uzun müddət bağlı qalmış qəsdən adam öldürmə və ölümlə nəticələnən digər cinayətlər üzrə istintaq təcrübəsi” adlı metodiki vəsait hazırlanmışdır.
Bu nəşr “Azərbaycan Respublikasının prokurorluq orqanlarında metodik ədəbiyyatın nəşri Qaydaları”nın tələblərinə uyğun hazırlanmış, vəsait 124 səhifədə olmaqla Ön söz, Giriş, əsas mətni isə “Bağlı qalmış qəsdən adam öldürmə, habelə ölümlə nəticələnən digər cinayətlərin açılması üzrə istintaq təcrübəsi” və “Qəsdən adam öldürmə cinayətlərinin açılması üzrə xarici ölkələrin təcrübəsi” adlı iki fəsil və həmin fəsillərə daxil olan ümumilikdə 11 bənddən və Nəticə hissələrindən ibarətdir. Vəsaitdə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun şəkil, illüstrasiya və qrafiklərlə zənginləşdirilib.
Bu metdoik vəsait aktual olan, prokurorluq işçilərinin peşə biliyinin artırılması üçün əhəmiyyət daşıyan, uzun müddət bağlı qalmış qəsdən adam öldürmə, habelə ölümlə nəticələnən digər cinayətlərin açılmasına həsr olunmuş, vəsaitdə  müasir elmi və praktiki nailiyyətlərin, texnologiyaların tətbiqini nəzərdə tutan mövzuya üstünlük verilmiş; zəruri olan statistik, analitik və digər məlumatlar aidiyyəti prokurorluq qurumlarından əldə edilmişdir.

Təcrübi işçilərin diqqəti və məlumatı üçün hazırlanmış metodiki vəsait müvafiq sahədə aparılmış təhlil materialları əsasında ərsəyə gəlmişdir. Təhlilin obyekti isə uzun müddət bağlı qalmış qəsdən adam öldürmə və ölümlə nəticələn digər cinayətlərin 2020 – 2022-ci illərdə açılması təmin edilmiş 26 cinayət işinin materialları olmuşdur. Həmin cinayət işləri üzrə 28 şəxsin (14-ü kişi, 14-ü qadın olmaqla) qətli ilə əlaqədar cinayət təqibi aparılmış, bir cinayət işi sonradan birləşdirilmişdir. Bu cinayətlərdən 19-nun Baş Prokurorluğun İstintaq idarəsində, 2-nin Kriminalistika və informasiya texnologiyaları idarəsində, 6-nın isə tabe prokurorluqlarda açılması təmin edilmiş, əksəriyyəti üzrə artıq ibtidai araşdırma başa çatdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmiş və istintaqla müəyyən edilmiş təqsirli şəxslər barəsində ittiham hökmü çıxarılmışdır.
Metodik vəsait ilk öncə bu cür cinayətlərin açılmasını özündə ehtiva edən istintaq metodikasına həsr olunub. Qətllərin araşdırılması metodologiyası dedikdə, bu ağır cinayətlərin açılmasında istifadə edilən elmi müddəalar, texniki vasitələr, taktiki üsullar, metodiki qaydalar və tövsiyələr sistemi başa düşülür.
Metodik vəsaitdə əksini tapmış təhlil zamanı məlum olmuşdur ki, təqsirli şəxsin etirafedici ərizəsinin ətraflı yoxlanılması; dindirmə və üzləşdirmə taktikasının düzgün seçimi, o cümlədən şahidin ətraflı, şübhəli şəxsin isə düzgün dindirilməsi; hadisə yerinə baxışın düzgün keçirilməsi; meyitin qəbirdən çıxarılması (ekshumasiya); şəxslərin tanınması üçün düzgün taktika seçilməsi; rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi və onların düzgün təhlili, eləcə də cinayət işinin materiallarında olmuş telefon və digər qurğularla aparılan danışıqların düzgün təhlili; tədqiqat üçün nümunələrin vaxtında götürülməsi və izlərin eyniləşdirilməsi; əməliyyat-axtarış tədbiri kimi vətəndaşların sorğusunun, soraqlaşmanın düzgün həyata keçirilməsi və telefon danışıqlarına qulaqasmanın nəticələrinin sözügedən cinayətlərin açılmasında mühüm, həlledici rolu olmuşdur.
Qeyd olunan taktiki üsullar təcrübədən götürülmüş misallarda öz əksini tapmış, bu üsulların hansı qaydada və hansı şəraitdə həyata keçirilməsinin incəlikləri vəsaitdə ətraflı göstərilmişdir.
Metodiki vəsait hazırlanarkən təhlil obyekti olmuş cinayət işlərinin materialları ilə yanaşı, müvafiq məcəllə və normativ hüquqi aktlardan, elmi əsərlərdən və Mərkəzin tədris materiallarından istifadə edilmişdir.
Həmçinin Cinayətlərin açılması üçün milli təcrübədə istifadə edilmiş vasitələrdən başqa, digər üsulların mövcud olub-olmamasını müəyyən etmək üçün bir sıra xarici ölkələrin, o cümlədən Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti və  Belarus Respublikasının qəsdən adam öldürmə cinayətləri üzrə istintaq təcrübəsi də nəzərdən keçirilmişdir.
Təhlilin nəticələri, eləcə də xarici ölkələrin tətbiq etdiyi üsul və vasitələr nəzərə alınmaqla, bu sahədə təcrübənin təkmilləşdirilməsi üzrə bir sıra tövsiyə və təkliflər hazırlanaraq nəşrə daxil edilmişdir.