“Üzərində zorakılıq əlamətləri olmayan naməlum insan meyitləri ilə bağlı araşdırma taktikası” adlı metodik vəsait
Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış “Üzərində zorakılıq əlamətləri olmayan naməlum insan meyitləri ilə bağlı araşdırma taktikası” adlı metodik vəsait üzlükdən, titul vərəqindən, mündəricatdan, girişdən, əsas mətndən, nəticədən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olmaqla, 1 (bir) cild, 132 səhifədə 9 fəslə bölünmüşdür.
Vəsait Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin işçiləri, məhkəmə tibbi ekspertizaların xüsusiyyətlərinə həsr edilmiş müvafiq paraqrafı Səhiyyə Nazirliyi MTE və PA birliyinin baş direktoru Ədalət Həsənovun, həmçinin birliyin Nəsimi rayon şöbəsinin rəisi Samir Cəfərovun birgə həm müəllifliyi ilə hazırlanmışdır.
Metodik vəsait hazırlanarkən 2021-ci il ərzində üzərində zorakılıq əlamətləri olmayan naməlum insan meyitlərinin aşkar edilməsi faktları üzrə rayon (şəhər) prokurorluqlarının icraatlarında istintaq edilmiş cinayət işləri və araşdırılmış yoxlama materiallarına dair təhlil aparılmış, səthi və natamam yoxlama aparılması hallarının qarşısının alınmasına, eləcə də araşdırma fərziyyələri və taktikasının seçiminə dair praktiki tövsiyələr müəyyən edilmişdir.
Bu vəsaitdə ümumilikdə naməlum insan meyitləri ilə bağlı araşdırma prosesinə aid ümumi məsələlər, araşdırmanın planlaşdırılması, taktikası və xüsusiyyətləri, irəli sürülən araşdırma fərziyyələri, hadisə yerinə və meyitə baxışın aparılması, baxış zamanı kriminalistikanın müasir üsullarından istifadə etməklə maddi sübutların götürülməsi və qablaşdırılması, təyin edilməsi zəruri olan ekspertizaların növləri, ölkədə fəaliyyət göstərən mərkəzləşdirilmiş informasiya bazalarından məlumatların götürülməsi üçün müvafiq qurumlara göndərilən sorğular və əməliyyat tapşırıqları, naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün kompüter metodları və müasir informasiya texnologiyalarından istifadə, həmçinin digər məsələlərlə bağlı geniş və ətraflı məlumatlar verilmişdir.
Qeyd edilənlərlə yanaşı, vəsaitdə tipik situativ araşdırma fərziyyələri, o cümlədən mərhumun evsiz, açıq hava şəraitində əmək fəaliyyəti ilə məşğul olan şəxs, sərhəd pozucusu, qanunsuz miqrant, fahişəliklə məşğul olan şəxs, insan alveri qurbanı, dilənçi, həbs yerlərindən qaçan, hərbi hissəni, psixiatriya xəstəxanalarını özbaşına tərk edən şəxs olmasına dair fərziyyələr və ilkin araşdırma istiqamətləri barədə müəlliflərin fikirləri əks olunmuşdur.
Metodik vəsaitdə hətta rentgen çəkilişlərinə baxış zamanı peşə (professional) sahiblərinin (məsələn, dəmirçilər, vibrasiyalı alətlərlə işləyənlər, musiqiçilər, kompyuter üzrə operatorlar, bərbərlər, çilingərlər, yük daşıyanlarda, kuryerlər və sair peşə sahibləri) əmək mənsubluğunu müəyyən edən əsas əlamətlərlə bağlı ətraflı təhlil aparılmışdır.
Eyni zamanda, vəsaitdə elmi-texniki nailiyyətlərdən, müasir metod və üsullardan istifadə etməklə naməlum meyitlərin şəxsiyyətinin müəyyən ediliməsi ilə bağlı kompüter tomoqrafiyası, genom tədqiqatı və digər metodların təhlililinə də yer ayrılmışdır.
Daha sonra vəsaitdə naməlum insan meyitlərin kriminalistik fotoqrafiyası, tədqiqat üçün nümunələrin götürülməsi, baxış və götürmə zamanı texniki kriminalistik vasitələrdən istifadə, daktilioskopik və DNT məlumatlarının saxlanılması məsələləri geniş təhlil edildiyindən, bu hissədə vəsaitimiz prokuror və müstəntiqlərlə yanaşı, müvafiq kriminalistik bölmələrin fəaliyyətinə də dəstək ola bilər.
Vəsaitin mühüm hissəsi məhkəmə tibbi, tibbi-bioloji, tibbi-kriminalistik, o cümlədən daktiloskopik, kəllə üzrə şəxsin eyniləşdirilməsi, sifət görünüşünün bərpa olunması, portret, məhkəmə-trasoloji ekspertizalarının üsul və qaydalarına həsr olunmuşdur.
Bundan əlavə, vəsaitdə naməlum insan meyitlərinin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat-axtarış tədbirləri, onların istiqamətləri, əməliyyat-məlumat xarakterli uçotlar, meyitlərin fərdi əlamətlərini eyniləşdirməyə imkan verən məlumatların vahid məlumat bazaları, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində “Avtomatlaşdırılmış Məlumat Bankı”nın fəaliyyəti barədə təhlil aparılmışdır.
Yekun nəticə olaraq bu sahədə mövcud problemlərin aradan qaldırılmasına yönələcək ümumilikdə 16 təklif də vəsaitdə yer almışdır.