METODİKİ İŞ

“Dövlət qurumlarının mətbuat xidmətlərinin media ilə qarşılıqlı əlaqələri üzrə” Metodiki tövsiyə

Müasir dövrdə informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, media sahəsində peşəkarlığın artırılması şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Dövlət qurumları və media arasında səmərəli əməkdaşlığı gücləndirmək, media subyektlərinin peşəkarlığının artmasına şərait yaratmaq, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə etmək məqsədilə dövlət qurumlarının mətbuat xidmətlərinin media ilə qarşılıqlı əlaqələrini tənzimləyən Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, Mətbuat xidməti və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsi tərəfindən vəsait hazırlanmışdır.
“Dövlət qurumlarının mətbuat xidmətlərinin media ilə qarşılıqlı əlaqələri üzrə” Metodiki tövsiyənin ərsəyə gəlməsi üçün bu sahədə prokurorluqda görülmüş işlər nəzərdən keçirilmiş, yerli və xarici ölkələrin təcrübəsi öyrənilmişdir. Daha sonra “Azərbaycan Respublikasının prokurorluq orqanlarında metodik ədəbiyyatın nəşri Qaydaları”na uyğun olaraq metodiki əhəmiyyət kəsb edən praktiki nailiyyətlərin, texnologiyaların tətbiqini nəzərdə tutan Metodiki tövsiyə hazırlanmışdır. Metodiki tövsiyə 1 (bir) cild, 50 səhifədə olmaqla, üzlükdən, titul vərəqindən, girişdən, mündəricatdan, əsas mətndən, istifadə olunmuş mənbələrin siyahısından ibarətdir. Əsas mətn isə 6 fəslə bölünmüşdür.
Media dövlət qurumunun fəaliyyəti haqqında cəmiyyətin məlumatlandırılmasını və qurumun fəaliyyət istiqamətləri üzrə ictimai fikrin ifadə olunmasını təmin edən təsirli vasitədir. Bu gün dövlət qurumlarının mətbuat xidmətlərinin media və ictimaiyyətlə müəyyən qarşılıqlı əlaqə təcrübəsi formalaşsa da, tez-tez bu fəaliyyətin istiqamətlərinin və formalarının təkmilləşdirilməsinə zərurət yaranır ki, bu da onun həyata keçirilməsi təcrübəsinin ümumiləşdirilməsini və təhlilini, səmərəliliyin artırılması üçün tövsiyələrin işlənməsini tələb edir. Təqdim edilən vəsait tövsiyyə xarakterli olmaqla, hazırlanmasında məqsəd dövlət qurumlarının fəaliyyətində və ictimaiyyətlə əlaqələrində medianın kommunikasiya vasitəsi kimi mühüm rolunu vurğulamaq, şəffaflıq və açıqlıq prinsiplərini rəhbər tutaraq vətəndaş məmnunluğunun artırılmasını təmin etmək, dövlət qurumları tərəfindən onlayn platformalardan məqsədyönlü və səmərəli şəkildə istifadəni təşviq etmək, bu sahədə görüləcək işləri istiqamətləndirməkdir.
Metodiki tövsiyənin sonuncu fəslində isə Birləşmiş Millətlər Təşkilatının müxtəlif qurumları ilə yanaşı, Rusiya Federasiyasının, Belarusun, Almaniyanın, Yeni Zelandiyanın, Böyük Britaniyanın və Amerika Birləşmiş Ştatlarının dövlət qurumlarının ictimaiyyətlə əlaqələr üzrə fəaliyyəti işıqlandırılmışdır.