METODİKİ İŞ

“Prokurorluq orqanlarında peşə hazırlığı işinin təşkili” adlı metodiki vəsait

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin (bundan sonra – Mərkəz) 2022-ci ilin birinci yarımilinə dair İş planının 3-cü bəndində “Prokurorluq orqanlarında peşə hazırlığı işinin təşkili” adlı metodiki vəsait hazırlamaq” adlı tədbir nəzərdə tutularaq icra müddəti cari ilin yanvar – mart ayları müəyyən edilmişdir.
“Prokurorluq orqanlarında peşə hazırlığı işinin təşkili” adlı metodiki vəsaitin (bundan sonra – Vəsait) ərsəyə gəlməsi üçün ilk öncə onun məzmununun strukturu müəyyən edilmiş, bu sahədə prokurorluqda görülmüş işlər bir daha nəzərdən keçirilmiş, yerli və xarici ölkələrin qabaqcıl ali təhsil və ixtisaslaşmış tədris müəssisələrinin təcrübəsi öyrənilmişdir.
Daha sonra “Azərbaycan Respublikasının prokurorluq orqanlarında metodik ədəbiyyatın nəşri Qaydaları”na uyğun olaraq metodiki əhəmiyyət kəsb edən, tədrisin üsul və qaydalarına həsr olunan, müasir elmi və praktiki nailiyyətlərin, texnologiyaların tətbiqini nəzərdə tutan Vəsait hazırlanmışdır. Bu Vəsait 1 (bir) cild, 155 səhifədə olmaqla, üzlükdən, titul vərəqindən, ön sözdən, annotasiyadan, əsas mətndən, istifadə olunmuş mənbələrin siyahısından və mündəricatdan ibarətdir. Əsas mətn isə 4 fəslə, 35 bəndə və yarımbəndə bölünmüşdür.

Vəsaitdə müasir təlim modelləri və metodları şərh edilərək, onların quruluşu və düzgün seçimi üzrə tövsiyələr vermiş, passiv, aktiv və interaktiv təlim modellərinə daxil olan metodların detalları, növləri və xüsusiyyətləri əks etdirilmişdir.
Distant təhsilinin şərhi çərçivəsində Vəsaitdə prokurorluq orqanlarında tətbiq edilən metodlara geniş yer ayrılmış, artıq bu sahədə görülmüş işlər qeyd olunmuş, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakın əhəmiyyətinə toxunulmuşdur. Eyni zamanda prokurorluq orqanlarında peşə hazırlığı işinin təşkili tarixinə ekskurs edilərək, müasir Azərbaycan Prokurorluğunda peşə hazırlığı işinin təşkili qaydaları, keçirilən müxtəlif növ tədris tədbirlərin xüsusiyyətləri, onların rəsmiləşdirilməsi və sənədləşdirilməsi, tədris zamanı yaranan problemlərin həlli yolları, tədris işi üçün əhəmiyyətli olan aparıcı elm və təhsil qurumları ilə əlaqələr, eləcə də aparılan tədqiqatların və hazırlanan vəsaitlərin tədris prosesində istifadəsi izahlı şəkildə əks olunmuşdur.
Daha sonra Vəsaitdə prokurorluq işçilərinin peşə hazırlığına aid beynəlxalq sənədlər göstərilməklə, yerli hüquq mühafizə orqanlarının ixtisaslaşmış tədris qurumları, eləcə də hüquq sahəsində ixtisaslaşmış ali təhsil müəssisələr barədə məlumat verilərək, onların funksional təyinatına, strukturuna, maddi və texniki imkanlarına, tədris və təhsil metodlarına toxunulmuşdur. Həmçinin vəsaitdə Fransada, Polşada, Türkiyədə və Qazaxıstanda bu sahədə ixtisaslaşmış tədris müəssisələri barədə geniş məlumat verilmiş, onların fəaliyyət prinsipləri açıqlanmışdır.
Ümumiyyətlə vəsaitdə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilmiş, bu nəşr mətninə uyğun şəkil, illüstrasiya və qrafiklərlə zəngindir.
Hüquq mühafizə orqanlarının ixtisaslaşdırılmış tədris müəssisələrində təlimlərin təşkili ilə bağlı xüsusi normativ hüquqi akt olmadığından, bu metodiki ədəbiyyatda göstərilən məlumatlar həmin qurumların fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də orada çalışan işçilərin peşə bacarıqlarının yüksəldilməsi üçün də mühüm əhəmiyyət kəsb edir, Vəsaitdə əks etdirilmiş metodların təlimçilər tərəfindən təcrübədə istifadə edilməsi ümumən peşə hazırlığı işinə müsbət təsir edə, dinləyicilərin tədris prosesinə marağını artıra bilər. Bu səbəbdən Vəsaitdən digər hüquq mühafizə orqanlarının ixtisaslaşdırılmış tədris qurumlarında istifadə edilməsi mümkündür.