Tabe prokurorluqlarda tədris məşğələlərinin keçirilməsinin təhlili
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin 2020-ci ilin birinci yarım ilinə dair iş planının 5-ci bəndində nəzərdə tutulmuş “Azərbaycan Respublikası Baş Prokurorluğu üzrə “Prokurorluq işçilərinin ixtisaslarının artırılması, attestasiya olunması işinin təkmilləşdirilməsi haqqında” 08/174 nömrəli 28.12.2001-ci il tarixli əmrin tabe prokurorluqlarda tədris məşğələlərinin keçirilməsinə dair müddəalarının icra vəziyyətini təhlil etmək, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq” adlı tədbirin icrası ilə əlaqədar müvafiq sorğu əsasında tabe rayon prokurorluqlarından rüblük tematik planların, görülmüş işlər barədə rüblük hesabatların, tədris məşğələlərinin keçirilməsinə dair tərtib edilmiş protokolların, arayışların və ya digər sənədlərin, tədris tədbirlərində təlimçi qismində iştirak etmiş işçilər tərəfindən hazırlanmış çıxışların mətnlərinin və ya tezislərinin elektron formatda Mərkəzin elektron ünvanına göndərilməsi tələb edilmiş, daxil olmuş sənədlər əsasında bu sahədə fəaliyyət təhlil olunmuşdur.
Aparılmış təhlil nəticəsində müəyyən edilmişdir ki, tabe prokurorluqlarda ixtisasartırma fəaliyyətində tematik planlara az həcmli, çox geniş, metodiki və nəzəri bilikləri əks etdirməyən, prokurorluğun bilavasitə fəaliyyətinə aid olmayan, qeyri-aktual, ixtisasartırma fəaliyyətinə aid olmayan, ləğv edilmiş normativ hüquqi aktlarla bağlı mövzuların daxil edilməsi, mövzuların qeyri-iş gününə planlaşdırılması, əsassız olaraq təkrarən tematik planlara daxil edilməsi və ya tematik planların bir-birini təkrarlaması, aktual mövzuların tədrisinin planlaşdırılmaması, mühazirə və tezislərin tərtib edilməməsi və ya keyfiyyətsiz tərtib olunması və s. nöqsanlara yol verilmişdir.
Aşkar edilmiş nöqsanlarla bağlı arayış tərtib edilərək yol verilmiş nöqsanların 2 əsas bölmə üzrə (ixtisasartırma fəaliyyətinin planlaşdırılması; ixtisasartırma fəaliyyətinin həyata keçirilməsi), habelə 1-ci bölmə öz növbəsində 5 yarımbölmə üzrə (tədris mövzularının düzgün seçilməməsi; mövzuların təkrarən planlara daxil edilməsi; tematik planların təkrarlanması; aktual mövzuların planlaşdırılmaması; mövzuların qeyri-iş gününə planlaşdırılması), 2-ci bölmə isə 3 yarımbölmə üzrə (mühazirələr və tezislərin keyfiyyəti; ixtisasartırma fəaliyyətinin sənədləşdirilməsi; hesabatların təqdim edilməsi) təsnifatı aparılmışdır.
Təhlilin yekunu üzrə müvafiq sahə üzrə təkmilləşdirici təkliflər irəli sürülmüşdür.