Məhkəmələr tərəfindən cinayət işlərinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması təcrübəsinin təhlili
Azərbaycan Respublikası Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin (bundan sonra – Mərkəz) 2020-ci ilin birinci yarımilinə dair İş planının 2-ci bəndində “Məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyinə görə 2019-cu il ərzində məhkəmələr tərəfindən cinayət işlərinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması təcrübəsini təhlil etmək, əldə edilmiş nəticələrdən məhkəməyədək cinayət təqibi həyata keçirilməsinin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq” adlı tədbir nəzərdə tutulmuşdur. İş planında tədbirin icrasına məsul qurum kimi Mərkəzin İnsan hüquq və azadlıqlarının müdafiəsi problemləri kafedrası və icra müddəti 2020-ci ilin yanvar – iyun ayları müəyyən edilmişdir.
Təhlillə məlum olmuşdur ki, 2019-cu il ərzində mülkü məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 303-cü maddəsi (Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması) rəhbər tutularaq, 164 cinayət işinin və məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilmişdir.
Təhlil Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən Elm-Tədris Mərkəzinə təqdim edilmiş 114 nəzarət icraatında olan məhkəmə qərarları və digər müvafiq prosessual sənədlər üzrə aparılmışdır.
Təhlilin nəticəsinə dair 48 səhifəlik arayışın strukturu 4 səviyyəli olmaqla, 3 hissədən (Giriş;Maddi və prosessual pozuntuların təhlili; Təhlilin ümumi nəticələri və təkliflər), 7 fəsildən (Tapşırığın icrası ilə əlaqədar görülən təşkilatı tədbirlər; Təhlilin hüquqi-metodoloji əsasları; Təhlil üçün təqdim edilmiş sənədlər üzrə statistik göstəricilər; Məhkəməyədək icraat zamanı yol verilən sistemli kobud pozuntular; Məhkəmə qərarlarında olan sistemli nöqsan və qüsurlar; Təhlilin ümumi nəticəsi; Təhlil üzrə təkliflər), 10 bənddən və 46 yarımbənddən ibarətdir. Təhlil zamanı aşkar edilmiş pozuntular müvafiq təsnifata uyğun ümumiləşdirilmiş, pozuntuların müxtəlif formaları müəyyən edilmiş və hər bir pozuntu sistemi ilə bağlı preventiv tədbirlər irəli sürülmüşdür. Zərurət yarandığı təqdirdə təhlilin nəticəsinə dair arayışdan istintaqçılar və dövlət ittihamçıları üçün icmal və yaxud metodik ədəbiyyat hazırlamaq mümkündür.
Təhlil obyekti olmuş sənədlərdən məlum olmuşdur ki, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılmasında – cinayət işi üzrə ittiham aktlarının müvafiq tələblərə uyğun olmaması (43,3 %), təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulması (33,9 %) və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq maddələrin tələblərinin pozulması (15,6 %) üstünlük təşkil etmişdir.
Bununla yanaşı bəlli olmuşdur ki, bir sıra məhkəmə qərarların çıxarılmasına CPM-in 303.3-cü maddəsinin konstruktiv qüsurlarının mövcudluğu, xüsusilə “müdafiə hüququnun pozulması” anlayışının düzgün təfsir və tətbiq edilməməsi əhəmiyyətli təsir etmiş, məhkəmə qərarlarında bu normanın tələblərindən kənara çıxan və hazırlıq iclasının səlahiyyətinə aid olmayan məsələlər əsas götürülmüş, işlərin cüzi qüsurlara görə geri qaytarılması hallarına yol verilmiş, bunun nəticəsində cinayət təqibi süründürməçiliklə həyata keçirilmiş və cinayət prosesinin iştirakçılarının hüquqları daha kobud halda pozulmuşdur.
Dövlət ittihamçıları isə Baş Prokurorluq üzrə “Cinayət mühakimə icraatında ictimai və ictimai-xüsusi ittihamın müdafiəsi üzrə prokurorluğun fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi tədbirləri barədə” 27.01.2005-ci il tarixli 08/8-09/2s №-li əmrinin tələblərinə zidd olaraq, cinayət işlərinin əsassız və qanunsuz surətdə məhkəmə baxışına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması hallarının qarşısının alınması üçün kifayət qədər qətiyyət göstərməmişlər, müdafiə tərəfinin vəsatətlərini həmin işin materialları və qanunvericiliyin konkret dəlilləri ilə təkzib etməmislər, əksinə bu qəbildən olan bir çox əsassız vəsatətlər vermişlər.
Göstərilənlərə əsasən təklif edilir ki, prosessual sənədlərin Avropa İnsan Hüquqları Məhkəməsinin standartlarına və Azərbaycan Respublikasının CPM-nə edilmiş dəyişiklərə uyğunlaşdırılması məqsədilə Baş Prokurorluq üzrə “İbtidai araşdırma zamanı tərtib olunan prosessual sənədlərin yeni nümunəvi formalarının tətbiqi barədə” 11.06.2015-ci il tarixli 10/58 №-li əmrlə təsdiq edilmiş ittiham aktının nümunəvi forması yenisi ilə əvəz edilsin, yeni nümunəvi forma isə təhlil zamanı aşkar edilmiş nöqsan və qüsurlar nəzərə alınmaqla müasir konsepsiya üzərində hazırlansın.
Həmçinin təklif olunur ki, Azərbaycan Respublikası CPM-in 285 (Cinayət işinin materialları ilə tanış etmə qaydası) və 296.3.1-ci (Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolu) maddələrinə dəyişikliklər edilərək, müvafiq şəxslərə tanış etmə məqsədilə məhkəməyədək icraat materiallarının təqdim olunması zamanı videoçəkilişdən istifadə edilsin. Nümunə kimi Azərbaycan Respublikası CPM-in 236.4-cü maddəsində (Baxış) nəzərdə tutulmuş qayda əsas götürülə bilər.
Habelə aşkar edilmiş nöqsan və qüsurların qarşısının alınması üçün, məhkəməyədək icraat materialları tanış etmə məqsədilə təqsirləndirilən şəxslərə müvəqqəti saxlama yerində, istintaq təcridxanasında və ya cəzaçəkmə müəssisəsində təqdim olunduğu halda, həmin qurumların bu istintaq hərəkətin keçirilməsini təsdiq edən arayışını cinayət işinin materiallarına imperativ şəkildə əlavə edilməsinin daxili normativ aktla təmin olunması mümkündür.
Təhlil zamanı əldə edilmiş materiallar Mərkəzin tədris tədbirlərində istifadə edilir.