Milli və beynəlxalq qanunvericiliyin kontekstində şəxsi həyat anlayışı və onu ehtiva edən əlamətlər


“Milli və beynəlxalq qanunvericiliyin kontekstində şəxsi həyat anlayışı və onu ehtiva edən əlamətlər” adlı təhlil üzrə milli qanunvericilik kontekstində Konstitusiyaya, “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara əsasən şəxsi həyat və ehtiva olunduğu əlamətlər, fərdi məlumatların toplanılması, işlənilməsi, verilməsi, yayılması və mühafizəsi ilə bağlı mexanizm, cinayət qanununa əsasən və cinayət-mühakimə icraatında şəxsi həyat anlayışı və şəxsi həyat sirrinin qorunması mexanizmi Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində təhlil edilmişdir.
Bu tədqiqat Mərkəzin Elmi-tədqiqat işinin təşkili şöbəsinin rəisi Ramin Camalovun rəhbərliyi ilə Mərkəzin böyük prokuroru İradə Xəlilova, eləcə də Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova tərəfindən aparılmışdır.

Milli qanunvericiliyin təhlili əsasında müəyyən edilmişdir ki, “İnformasiya əldə etmək haqqında” 30 sentyabr 2005-ci il tarixli 1024-IIQ nömrəli Qanun şəxsi və ailə həyatına dair məlumatların əhatə dairəsini şərhlə deyil, birbaşa müəyyən edir. Belə ki, Qanunun 38.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Qanunun 3.0.2-ci maddəsində isə qeyd edilmişdir ki, şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilər şəxsi və ailə həyatına dair məlumat hesab edilir. Qanunda həmçinin, əldə olunmasına məhdudiyyət qoyulması əlaməti ilə səciyyələnən şəxsi həyata dair ayrıca, ailə həyatına dair ayrıca məlumatlar sadalanmışdır.

Şəxsi həyatı ehtiva edən bir sıra məlumatların yayılması cinayət qanunu ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Müvafiq normalar Cinayət Məcəlləsinin 155-ci maddəsində yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma cinayəti olaraq, 156-cı maddəsində şəxsi həyatın toxunulmazlığını pozma cinayəti olaraq, 157-ci maddəsində mənzil toxunulmazlığını pozma cinayəti olaraq, 158-ci maddəsində hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma cinayəti olaraq, 175-ci maddəsində övladlığa götürmə sirrini yayma cinayəti olaraq, 202-ci maddəsində kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma cinayəti olaraq, 316-1-ci maddəsində insan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma cinayəti olaraq təsnifləşdirilmişdir.
Beynəlxalq qanunvericilik kontekstində isə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada nəzərdə tutulmuş şəxsi həyat anlayışı təhlil edilmişdir. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ kontekstində şəxsin fiziki, psixoloji və ya mənəvi toxunulmazlığı, şəxsi həyatın gizli qalmalı olan aspektləri, şəxsin identikliyi, ailə həyatı, mənzil toxunulmazlığına müdaxilə halları, yazışmalar, yazışmalara müdaxilə halları təhlil edilməklə presedent hüququna dair işlərdən nümunələr qeyd edilmişdir.
Xarici ölkələrin qanunvericiliyi kontekstində Amerika Birləşmiş Ştatlarının, Kanadanın, Almaniyanın, Yaponiyanın, İsrailin, Səudiyyə Ərəbistanının, Sinqapurun, Honkonqun, Meksikanın, Braziliyanın və Cənubi Afrika Respublikasının normativ hüquqi sənədləri əsasında şəxsi həyat və onu ehtiva edən əlamətlər təhlil edilmişdir. Qeyd edilən ölkələrin qanunvericiliyində şəxsi həyatı ehtiva edən əlamətlərin əhatə dairəsi, həmçinin şəxsi həyatın qorunması mexanizmi tədqiqatın obyekti olmuşdur.
Nəticə olaraq müəyyən edilmişdir ki, həm milli, həm də beynəlxalq qanunvericiliyin kontekstində “şəxsi həyat” termini qanunvericilik aktları ilə tənzimlənməsinə baxmayaraq elə geniş əhatə dairəsinə malikdir ki, onun tam anlayışını vermək mümkün deyil. Odur ki, təhlilin yekunu üzrə qısaca “şəxsi həyat” dedikdə, qanunla nəzərdə tutulmuş hallar istisna olunmaqla, başqalarına açıqlanmamaq şərti ilə etibar edilmiş gizli saxlanılmalı məlumatları ehtiva edən konfidensial məlumatlar başa düşülür.