Ötən illərdən bağlı qalmış və 2021 – 2022-ci illərdə açılması təmin edilmiş qəsdən adam öldürmə cinayətlərinə dair cinayət işlərinin təhlili
Azərbaycan Respublikası Baş Prokurorluğunun 2022-ci ilin ikinci yarımilinə dair Fəaliyyət Planının 15-ci bəndində nəzərdə tutulmuş “Ötən illərdən bağlı qalmış və 2021 – 2022-ci illərdə açılması təmin edilmiş qəsdən adam öldürmə cinayətlərinə dair cinayət işlərinin təhlil edilməklə, qabaqcıl istintaq təcrübəsinə əsaslanan metodiki vəsaitin hazırlanmasını təmin etmək” adlı tədbirin icrası ilə bağlı işlərin mərhələli şəkildə görülməsi qərara alınaraq və yol xəritəsi müəyyən edilərək, vəzifə bölgüsü aparılmışdır.
İlk olaraq təhlil parametrləri müəyyən edilmiş və ötən illərdən bağlı qalmış və 2021 – 2022-ci illərdə, eləcə də 2020-ci ildə açılması təmin edilmiş qəsdən adam öldürmə faktlarına dair, habelə ölümlə nəticələnən digər cinayət işlərinin materialları əldə edilmişdir. Növbəti mərhələdə cinayət işlərinin materialları öyrənilərək, müəyyən edilmiş parametrlər üzrə təhlil aparılmasına, eləcə də milli qanunvericiliyə görə prosessual və kriminalistik tələblər nəzərə alınaraq təhlil parametrlərini əhatə edən mətnlərin hazırlanmasına başlanılmışdır.
Təhlilin obyekti uzun müddət bağlı qalmış qəsdən adam öldürmə və ölümlə nəticələn digər cinayətlərin 2020 – 2022-ci illərdə açılmasını təmin etmiş 26 cinayət işinin materialları olmuşdur. Həmin cinayət işləri üzrə 28 şəxsin (14 kişi, 14 qadın) qətli ilə əlaqədar cinayət təqibi aparılmış, bir cinayət işi sonradan birləşdirilmişdir. Bu cinayətlərdən 19-nun Baş Prokurorluğun İstintaq idarəsində, 2-nin Kriminalistika və informasiya texnologiyaları idarəsində, 6-nın isə tabe prokurorluqlarda açılması təmin edilmiş, əksəriyyəti üzrə artıq ibtidai araşdırma başa çatdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmiş və istintaqla müəyyən edilmiş təqsirli şəxslər barəsində ittiham hökmü çıxarılmışdır.
Təhlilin əsas mətni bağlı qalmış qəsdən adam öldürmə, habelə ölümlə nəticələnən digər cinayətlərin açılması üzrə istintaq metodikasına həsr edilmişdir. Qətllərin araşdırılması metodologiyası dedikdə, bu ağır cinayətlərin açılması, istintaqı və qarşısının alınmasında istifadə edilən elmi müddəalar, texniki vasitələr, taktiki üsullar, metodiki qaydalar və tövsiyələr sistemi başa düşülür. Qətllərin kriminalistik xüsusiyyətləri bu cür cinayətlərin törədilməsi və gizlədilməsinin obyektiv proseslərinə əsaslanır. Qətllərin istintaqı zamanı müstəntiq bir sıra hallar müəyyən edir ki, onların dairəsi əsasən bu cinayətlərin xüsusiyyətləri ilə müəyyən edilir.
Cinayət naməlum şəxs tərəfindən törədildikdə, müstəntiqin əsas vəzifəsi cinayətin izlərini və digər sübutları aşkar etmək və təsbit etmək, cinayətin halları haqqında əlavə məlumat mənbələrini müəyyən etməkdir. Bu məqsədlə hadisə yerinə və meyitə baxış keçirilir, şahidlər dindirilir, zərərçəkmişin geyiminə və digər maddi sübutlara baxış keçirilir və tədqiq edilir, məhkəmə-tibbi və digər növ ekspertizalar təyin edilir.
Başqa ərazidə analoji cinayətin törədilməsinə dair məlumat olduqda, dayandırılmış və xitam verilmiş cinayət işləri, eləcə də cinayət işinin başlanması rədd edilmiş materiallar ətraflı öyrənilməli, əvvəlki və hazırkı hadisələr arasında qarşılıqlı əlaqələr müəyyən edilməlidir.
Göstərilənlər nəzərə alınaraq təhlil zamanı məhz uzun müddət bağlı qalmış qəsdən adam öldürmə, habelə ölümlə nəticələnən digər cinayətlərin açılması istiqamətində yuxarıda göstərilənlərə əməl edilmə vəziyyətinə, cinayətin açılma xüsusiyyətlərinə xüsusi diqqət yetirilmişdir.
Məlum olmuşdur ki, təqsirli şəxsin etirafedici ərizəsinin ətraflı yoxlanılması; dindirmə və üzləşdirmə taktikasının düzgün seçimi, o cümlədən şahidin ətraflı, şübhəli şəxsin isə düzgün dindirilməsi; hadisə yerinə baxışın düzgün keçirilməsi; meyitin qəbirdən çıxarılması (ekshumasiya); şəxslərin tanınması üçün düzgün taktika seçilməsi; rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi və onların düzgün təhlili, eləcə də cinayət işinin materiallarında olmuş telefon və digər qurğularla aparılan danışıqların düzgün təhlili; tədqiqat üçün nümunələrin vaxtında götürülməsi və izlərin eyniləşdirilməsi; əməliyyat-axtarış tədbiri kimi vətəndaşların sorğusunun, soraqlaşmanın düzgün həyata keçirilməsi və telefon danışıqlarına qulaqasmanın nəticələri – təhlil obyekti olmuş cinayətlərin açılmasında mühüm, həlledici rolu olmuşdur.
Daha sonra açılması təmin edilmiş cinayətlər üzrə təhlillə müəyyən edilmiş müsbət istintaq taktikası sistemli şəkildə ümumiləşdirilmiş və təhlil üzrə yekun arayış tərtib edilmişdir.
Cinayətlərin açılması üçün milli təcrübədə istifadə edilmiş vasitələrdən başqa üsulların mövcud olub-olmamasını müəyyən etmək üçün xarici ölkələrin qəsdən adam öldürmə cinayətləri üzrə istintaq təcrübəsi də nəzərdən keçirilmişdir. Odur ki, təhlilin yekun arayışında Amerika Birləşmiş Ştatlarında, Rusiya Federasiyasında, Türkiyə Cümhuriyyətində və Belarus Respublikasında qəsdən adam öldürmə cinayətləri üzrə tətbiq edilən üsul və vasitələr öz əksini tapmışdır.
Təhlilin nəticələrə, eləcə də xarici ölkələrin tətbiq etdiyi üsul və vasitələr nəzərə alınmaqla, bu sahədə təcrübənin təkmilləşdirilməsi üzrə bir sıra tövsiyə və təkliflər hazırlanaraq təhlilin yekun arayışına daxil edilmişdir. Tövsiyələrdə olan prosessual tədbirlərdən təcrübədə istifadə etməklə, təkliflər əsasında qanunvericilikdə təkmilləşdirmə aparılması bu sahədəki fəaliyyətə müsbət təsir edəcəkdir.