Vahid məhkəmə təcrübəsinin formalaşmasında dövlət ittihamının rolu
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin 2021-ci ilin birinci yarımilinə dair iş planının 4-cü bəndində “Vahid məhkəmə təcrübəsinin formalaşmasında dövlət ittihamının rolu mövzusunda tədqiqat aparmaq” adlı plan tədbiri nəzərdə tutulmuş, tədbirin icra müddəti kimi 2021-ci ilin fevral – iyun ayları müəyyən edilmişdir.
Plan tədbirinin icrası istiqamətində işlər görülərkən vahid məhkəmə təcrübəsi və təcrübənin formalaşmasında prokurorluq orqanlarının rolundan bəhs edilmiş, bu sahədə beynəlxalq təcrübəyə dair məsələlərə toxunulmuş, müxtəlif hüquq sistemlərində vahid məhkəmə təcrübəsinin müqayisəsi aparılmış, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedent Hüququnun Azərbaycan məhkəmə sistemində uğurla tətbiqi qeyd edilmişdir.
Tədqiqatda vahid məhkəmə təcrübəsi və bu təcrübənin formalaşmasında prokurorluq orqanlarının rolundan bəhs edilərkən məhkəmə təcrübəsinin səciyyəvi əlamətləri təhlil edilmiş, belə bir təcrübənin hüquq doktrinasi kimi qəbul edilməsinin yalnız vətəndaş-məhkəmə münasibətlərində deyil, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin artırılması, prokurorluq və digər istintaq orqanlarının fəaliyyətinə səmərəli təsir göstərməsinin, həmçinin hüquqi bürokratizmə son qoyulması baxımından mühüm əhəmiyyət kəsb etməsinin vacibliyi vurğulanmışdır.
Vahid məhkəmə təcrübəsinin formalaşmasında beynəlxalq təcrübənin əhəmiyyəti nəzərə alınaraq plan tədbirinin icrası zamanı işlər görülərkən xarici ölkələrin – Rusiya, Fransa, İtaliyanın hüquq sisteminə də nəzər yetirilmiş, qısaca olaraq bu təcrübənin həmin ölkələrdə hansı cür təzahür etməsindən danışılmışdır.
Bundan başqa, hüquq sistemləri təsnifatı arasında müasir dünyada öz hüquqi əhəmiyyəti, praktiki tətbiqindəki aşkar üstünlükləri və yayılması dərəcəsinə görə, yəni geniş coğrafi əhatəsinə görə öz hakim mövqelərini qorumaqda davam edən iki hüquq sistemi- roman-german və anqlo-sakson hüquq sistemlərindən söz edilmiş, adıçəkilən hüquq sistemlərinin özəlliklərinə yer verilmişdir.
Eyni zamanda, burada ölkəmizin məhkəmə-hüquq sistemində və onun tərkib hissəsi kimi prokurorluq orqanlarında həyata keçirilən köklü və sistemli islahatlar, o cümlədən prokurorluğun prioritet inkişaf istiqamətlərindən olan dövlət ittihamının müdafiəsi ilə bağlı fəaliyyətin keyfiyyət baxımından təkmilləşdirilməsinə xidmət edən institusional və funksional dəyişikliklər barədə də ətraflı məlumat verilmişdir.
Qeyd edilən islahatlarla bağlı məlumat verilərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10.02.2017-ci il tarixli Sərəncamın mühüm strateji əhəmiyyətə malik bir sənəd kimi ölkənin hüquq sisteminin müasir dövrün ən yüksək tələbləri səviyyəsində yenilənməsinə və təkmilləşməsinə verdiyi təkanın önəmi vurğulanmış, eyni zamanda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına, həmçinin süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması istiqamətində görülən tədbirlərin gücləndirilməsinə yönələn 2019-cu aprelin 3-də Prezident İlham Əliyev tərəfindən imzalanan məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanın əhəmiyyətinə toxunulmuşdur.
Həmçinin hüquq normalarının tətbiqinə sabit yanaşmada dövlət ittihamının əhəmiyyətindən bəhs edilərkən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə bağlı təcrübədə mövcud olan problemlərə toxunulmuş, qanuni qüvvəyə minmiş bəraət hökmlərində sübutların qiymətləndirilməsinə dair qanun normalarının, elmi-nəzəri və metodiki biliklərin tətbiqi təcrübəsi, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə istintaqı aparılmış cinayət işləri üzrə məhkəmə təcrübəsinin təhlili aparılmış, ibtidai araşdırma zamanı müdafiəçinin axtarış, şəxsi axtarış və götürmə istintaq hərəkətlərində iştirakının aktual problemləri, hakimin qərarı olmadan keçirilən əməliyyat-axtarış tədbirləri barədə müvafiq qərarın 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təqdim edilməməsi ilə bağlı mövcud olan fərqli yanaşma, həmçinin ayrı-ayrı cinayət işləri üzrə məhkəmə təcrübəsinə dair bəzi məsələlərə yer verilmişdir.