TƏDQİQATLAR

2020-ci ilin birinci yarımili ərzində tabe prokurorluqlar tərəfindən həbsin qətimkan tədbiri qismində seçilməsi təcrübəsinin təhlili

Baş Prokurorluğun 2020-ci ilin ikinci yarımilinə dair Fəaliyyət Planının 15-ci bəndində “2020-ci ilin birinci yarımilində tabe prokurorluqlar tərəfindən həbs qətimkan tədbirinin tətbiqi təcrübəsinin təhlil edilməsini, onun beynəlxalq standartlara uyğunluğunun müəyyənləşdirilməsini təmin etmək” adlı tədbir nəzərdə tutulmuş, onun icrasına məsul qurum kimi Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və icra müddəti 2020-ci ilin sentyabr – dekabr ayları müəyyən edilmişdir. Bu tədbir vaxtında və tam icra edilmişdir.
Belə ki, tədbirin icrasını təmin etmək məqsədi ilə əvvəlcədən təhlilin metodikası (predmet dairəsi, icra mexanizmi və vasitələri) müəyyən edilmiş, görüləsi işlərə dair Yol xəritəsi hazırlanmış, 2020-ci ilin birinci yarımili ərzində tabe prokurorluqlar tərəfindən həbsin qətimkan tədbiri qismində seçimi ilə bağlı statistik göstəricilər əldə edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 24.08.2020-ci il tarixli 18/2-253 №-li və Baş prokurorun birinci müavinin 14.08.2020-ci il tarixli 18/2-254 №-li məktubları ilə tabe prokurorluqlardan həbs qətimkan tədbirinin tətbiqinə dair arayış, habelə təhlil müddətində tərtib edilmiş prosessual sənədlərin PDF formatında surətləri sorğu edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun mühüm prinsipləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla, Elm-Tədris Mərkəzinə elektron poçt vasitəsilə, habelə kağız formatında daxil olmuş sənədlər Mərkəzin işçiləri tərəfindən Yol xəritəsi ilə müəyyən edilmiş bölgü və metodikaya əsasən təhlil edilmişdir.

Həbs qətimkan tədbirinin tətbiqinin təhlili nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar bir daha dəyərləndirilərək ümumiləşdirilmiş (yekun arayış 45 səhifədə olmaqla, 6 fəsil və 20 bənddən ibarətdir), bu məlumatlar və statistik göstəricilər nəzərə alınmaqla həbs qətimkan tədbirinin tətbiqi təcrübəsinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə aşağıdakı təkliflər irəli sürülmüşdür.

  1. Həbs qətimkan tədbirinin tətbiqi prosesində aşkar edilmiş nöqsan və çatışmazlıqlarla əlaqədar müvafiq tədbirlərin görülməsi üçün, eləcə də gələcəkdə belə pozuntulara yol verilməməsi məqsədilə təhlilin nəticələrinə dair yekun arayışdan çıxarış yuxarı prokurorluqların aidiyyəti idarə və şöbələrinə göndərilsin.
  2. Həbs qətimkan tədbirinin tətbiqi mövzusu üzrə Bakı şəhər və onun rayon, Gəncə, Mingəçevir və Şirvan şəhər, Abşeron, Ağcabədi, Ağdaş, Cəlilabad, Goranboy, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Masallı, Saatlı, Tərtər və Tovuz rayon prokurorluqlarının, həmçinin tabe hərbi prokurorluqlarının müstəntiqləri qısa müddətli kurslara və yaxud seminarlara cəlb edilsin.
  3. Prokurorluğun aidiyyəti qurumları tərəfindən Baş Prokurorluq üzrə 14.09.2020-ci il tarixli 15/3 №-li əmrlə tətbiq edilən və Baş Prokurorluğun rəsmi saytında yerləşdirilmiş prosessual sənədlərin nümunəvi formalarından prokurorluq işçilərinin istifadə olunması üçün təsirli tədbirlər həyata keçirilsin.
  4. Prokurorluğun aidiyyəti qurumları tərəfindən prosessual məcburiyyət tədbirlərin tətbiqi zamanı müvafiq icra hakimiyyəti orqanlarının müstəntiqləri tərəfindən prosessual sənədlərin nümunəvi formalarından istifadə etməsi üçün müvafiq tədbirlər görülsün.
  5. Azərbaycan Respublikası CPM-in 160-cı maddəsində (Himayə və əmlaka nəzarət etmə hüququ) nəzərdə tutulan öhdəliklərin təmin edilməsinə məsələsinə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorların diqqəti artırılsın və bu təminatların tətbiqi müvafiq prosessual sənədlərdə öz əksini tapsın.
  6. Təqsirləndirilən şəxsin həbs qətimkan tədbirinin tətbiqi üçün irəli sürülmüş əsaslardan əvvəlcədən xəbərdar olması hüququnun təmini məqsədilə, Tərtər hərbi prokurorluğunun həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin əvvəlcədən təqsirləndirilən şəxsə elan edilməsi təcrübəsi bütün prokurorluq qurumlarında tətbiqinə təşəbbüs göstərilsin.

Təkliflərin bir qismi artıq realizə olunmuş və təhlil zamanı əldə edilmiş materialların Mərkəzin tədris prosesində istifadə edilməsi planlaşdırılmışdır.