Kibercinayətlərlə mübarizə sahəsində yeni istintaq metodikası tədris edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”na uyğun olaraq, ölkəmizdə kibertəhlükəsizlik sahəsində mübarizə potensialın və cinayət təqibinin effektivliyinin artırılmasına yönələn tədbirlər davam etdirilir.
Bu sahədə növbəti tədbir 2025-ci ilin noyabr ayının 16-dan 18-dək Baş Prokurorluğun Elm-Tədris Mərkəzində baş tutub. Prokurorluq işçiləri üçün təşkil edilmiş “Kibercinayətlərin aşkar edilməsi və istintaq metodikası” mövzusunda təlimə Baş Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Ədliyyə Nazirliyinin əməkdaşları təlimçi qismində qatılıb.
Tədbirdə dinləyicilərin əyani və distant təhsilin onlayn rejimində iştirakı təmin edilib.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Əmir Ocaqverdiyev, böyük prokuroru Nigar Əskərova, şöbə prokuroru Rəşad Qasımov və digər natiqlər tərəfindən kibercinayətlərin istintaq metodikası və kibercinayətlər üzrə əməlin tövsif xüsusiyyətləri, rəqəmsal sübutların toplanılması, təhlili və qorunması, kiberməkanda dələduzluq cinayətlərinin ibtidai istintaqı üzrə prosessual nəzarətin xüsusiyyətləri, kibercinayətkarlıqla mübarizədə süni intellekt və maşın öyrənmə alətləri, müasir kriminalistik üsulların tətbiqi, eləcə də digər aktual mövzular tədris edilib.
Təlimin sonunda dinləyiciləri maraqlandıran suallar müzakirə edilərək qurumların əməkdaşları arasında təcrübə mübadiləsi aparılıb.