Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə əməkdaşlıq əlaqələri uğurla davam etdirilir
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında imzalanmış 2023-cü il 14 iyul tarixli birgə əməkdaşlıq haqqında Anlaşma memoranduma əsasən, hər iki qurumda təşkil edilən tədris proseslərində, elmi-praktiki tədbirlərində qarşılıqlı formada əməkdaşlar iştirak edərək mühazirə və ya təqdimatlarla çıxış edirlər.
Növbəti dəfə 10 aprel 2025-ci il tarixdə Mərkəzin şöbə prokuroru, ədliyyə müşaviri Məhərrəm Əzizbəyov “Həyat və sağlamlıq əleyhinə olan cinayətlərin istintaq metodikası” mövzusunda, 14 aprel 2025-ci il tarixdə isə Mərkəzin şöbə prokuroru, ədliyyə müşaviri Ruslan Ağayev “Azərbaycan Respublikasının Prokurorluğu” mövzusunda Akademiyada keçirilən interaktiv məşğələlərdə kursantlar qarşısında çıxış ediblər.
Çıxışlar zamanı həyat və sağlamlıq əleyhinə olan cinayətlərin istintaq metodikası, prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi barədə kursantlara geniş məlumatlar verilib. Mövzuların nəzəri hissələri izah edildikdən sonra təcrübədə rast gəlinən çətinliklər barədə, yol verilən nöqsanlar barədə, onların həlli yolları barədə ətraflı izah verilib.
Prokurorluq işçilərinin iştirakı ilə keçirilən mühazirə dərsləri dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Kursantlar tərəfindən mövzular üzrə verilmiş suallar ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Keçirilmiş tədbirlərdə Elm-Tədris Mərkəzi və Polis Akademiyası arasında formalaşmış qarşılıqlı əlaqələrin gələcəkdə də elmi yaradıcılıq fəaliyyəti üçün məhsuldar olacağı vurğulanıb.