Regionlarda korrupsiyaya qarşı mübarizəyə həsr edilmiş təlimlər keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən müxtəlif dövlət qurumlarında müvafiq mövzuya uyğun olaraq Baş Prokurorluq tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir.
O cümlədən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 2025-ci ilin mart ayının 11-də Sumqayıt şəhərində Abşeron-Xızı Regional Təhsil İdarəsinin, mart ayının 14-də isə Quba Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusu üzrə təlimlər keçirilib.
Təşkilatçı prokurorluq orqanlarının peşəkar əməkdaşlarının təlimçi qismində iştirak etdiyi bu tədbirlər çərçivəsində dinləyicilərə təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti, korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi və digər aktual məsələlər tədris edilib.
Təlimlər zamanı dinləyicilər tədris edilmiş mövzulara maraq göstərib, təlimçilərlə münasibətdə aktiv olublar, onları maraqlandırılan suallar ətraflı cavablandırılıb.
Tədbirlərin gedişatında Elm və Təhsil Nazirliyinin “təhsil.tv” media qurumu tərəfindən təlimlərin videoçəkilişi aparılıb, iştirakçıların, o cümlədən Mərkəzin şöbə rəisi Nigar Qələndərlinin müsahibəsi alınıb.