Vahid istintaq təcrübəsinin formalaşması məqsədilə kurs təşkil edilib
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) nəzərdə tutulmuş əməlin geniş ictimaiyyət üçün rezonans doğurması, ədalət mühakiməsi əleyhinə olan cinayətlər sırasında xeyli çəkiyə malik olması bu sahədə vahid istintaq təcrübəsinin formalaşmasını labüd edir.
Azərbaycan Respublikası Baş prokurorunun müvafiq Sərəncamına əsasən cari ilin fevralın 26 və 27-i “Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlinin istintaq təcrübəsi” mövzusunda kurs təşkil edilib.
Tədbirə təlimçi qismində Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, habelə Elm-Tədris Mərkəzinin təcrübəli əməkdaşları, dinləyici qismində isə prokurorluq, ədliyyə və vergi orqanlarının ümumilikdə 44 əməkdaşı cəlb edilib.
Kurs üzrə məşğələlər ədliyyə və vergi orqanlarının əməkdaşları üçün Elm-Tədris Mərkəzində, dövlət ittihamçıları üçün isə internet üzərindən onlayn rejimdə həyata keçirilib.
Mühazirə, təqdimat və dəyirmi masa formatında keçirilmiş kursda məhkəmə qərarlarının icra olunmamasının cinayət-hüquqi xarakteristikası, bu sahədə xarici ölkələrin təcrübəsi, sözügedən cinayətin istintaq metodikası, Cinayət Məcəlləsinin 306-cı maddəsi üzrə təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı hüquqi tənzimlənmə, eləcə də digər əlaqəli məsələlər tədris obyekti olub.
Kurs zamanı dinləyicilər tədris edilmiş mövzulara maraq göstərib, onları maraqlandırılan suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.