Qanunsuz miqrasiyanın təşkili cinayətinin istintaq metodikası üzrə prokurorluq işçilərinin peşə bilikləri artırılıb
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən 2025-ci ilin fevral ayının 10-dan 18-dək prokurorluq işçiləri üçün “Qanunsuz miqrasiyanın təşkili ilə bağlı məlumatlar üzrə istintaq-araşdırma təcrübəsi” mövzusunda növbəti kurs təşkil edilib.
Tədris tədbirində Elm-Tədris Mərkəzinin müvafiq sahədə təhlil aparmış işçiləri təlimçi qismində, tabe rayon (şəhər) prokurorluqlarının ümumilikdə 73 işçisi isə dinləyici qismində iştirak edib.
Prokurorluq işçilərinin iş həcmi nəzərə alınaraq, kurs üzrə məşğələlər internet üzərindən Mərkəzin “Distant tədris” platforması vasitəsi ilə distant təhsilin sərbəst rejimində həyata keçirilib.
Belə ki, kursun dinləyiciləri platformada yaradılan şəxsi kabinetlərə fərdi istifadəçi adı və paroldan istifadə etməklə daxil olaraq tədris materiallarını öyrənib və mövzu üzrə sualları cavablandırmaqla bütün mərhələləri müvəffəqiyyətlə bitiriblər.
Elektron mühazirə formatında keçirilmiş məşğələlərdə qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində tədbirlər, miqrasiyanın təşkilinin qanunverici əsasları, bu sahədə beynəlxalq münasibətlər, qanunsuz miqrasiyanın təşkili cinayətinin tərkib elementləri, istintaq təcrübəsi və digər aktual məsələlər tədris obyekti olub.