Prokurorluq orqanlarına 2024-cü ildə ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün icbari təlim keçirilib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarına 2024-cü ildə ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş 56 namizəd üçün 16.12.2024-cü ildən 10.01.2025-ci ilədək icbari təlim təşkil edilib.
İcbari təlimin açılışını edən Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov, Mərkəzin şöbə rəisi Nigar Qələndərli və şöbənin böyük prokuroru Çingiz Əli-zadə müasir Azərbaycan Prokurorluğunun formalaşmasında Heydər Əliyev irsi, prokurorluq orqanlarında kadr potensialın formalaşması, tədrisin təşkili və elmi-praktiki tədqiqatların aparılması barədə namizədlərə geniş məlumat veriblər.
İcbari təlimə mühazirəçi qismində prokurorluğun rəhbər işçiləri, daxili işlər, ədliyyə və səhiyyə orqanlarının təcrübəli əməkdaşları, Milli Məclisin deputatları, məhkəmə hakimləri, prokurorluğun veteranları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də ali təhsil müəssisələrin müəllim heyəti cəlb edilib.
Müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə edilməklə namizədlərdə ilkin peşə vərdişlərinin formalaşmasına töhfə verəcək 142 mövzu üzrə, həmçinin prokurorluq fəaliyyətinin maddi və prosessual əsasları ilə bağlı tədris aparılıb. O cümlədən, dinləyicilər prokurorluq fəaliyyətinin normativ əsasları və Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın tələbləri ilə tanış olublar, “Elektron Prokurorluq” informasiya sistemi ilə işləmək bacarığı üzrə məşğələlərdə iştirak ediblər.
Məsələn, dinləyiciləri Mərkəzin böyük prokuroru İradə Xəlilova prokurorluq işçilərinin “Etik davranış Kodeksi” barədə məlumatlandırıb, sektor müdiri Oqtay Mirzəyev EPİS proqramından ümumi istifadə qaydasını öyrədib, şöbə prokuroru Rəşad Qasımov şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərin istintaq metodikası, şöbənin böyük prokuroru Nigar Əskərova insan alverinə və məişət zorakılığına qarşı mübarizənin əsas istiqamətləri, şöbə rəisi Əmir Ocaqverdiyev cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma cinayətinin istintaq metodikası, şöbə prokuroru Məhərrəm Əzizbəyov həkim səhvi ilə bağlı cinayət təqibi üzrə əməlin tövsifi problemləri, şöbə prokuroru Ruslan Ağayev tanınma üçün təqdim etmə istintaq hərəkətinin təşkili və istintaq taktikası, şöbə prokuroru Fərizə Mirzəyeva xüsusi müsadirə cinayət-hüquqi tədbirinin xüsusiyyətləri, şöbə prokuroru Sarıtel Əliyeva böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın xüsusiyyətləri, şöbənin baş məsləhətçisi Rafiq Quliyev aşkar edilmiş hüquqpozma faktlarının araşdırılması zamanı foto və videoçəkilişin aparılma taktikası üzrə tədris aparıblar.
İcbari təlim zamanı namizədlər üçün xeyli sayda kriminalistika üzrə praktiki məşğələlər keçirilib, Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının fəaliyyəti ilə tanış olublar, Bakı şəhərinin Xəzər, Nəsimi, Yasamal, Nərimanov, Nizami və Səbail rayon prokurorluqlarında aparılan prosessual hərəkətlərə real şəraitdə müşahidə ediblər, Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertizası və patoloji-anatomiya Birliyində yanmış meyitin müayinəsində iştirak ediblər.
Mədəni-maarifləndirici tədbirlər çərçivəsində namizədlər xalqımızın Ümummilli Liderinin ictimai-siyasi fəaliyyətini, bizim milli-mənəvi dəyərlərimizi təbliğ edən Heydər Əliyev Mərkəzi, eləcə də Baş Prokurorluğun muzeyi və tarixi-memorial qalereyası ilə tanış olublar.
Namizədlər təlim prosesində tədris edilmiş mövzulara böyük maraq göstərib, praktiki tapşırıqlarda, məşğələlərdə aktiv olublar.
İcbari təlimi müvəffəqiyyətlə başa çatdırmış namizədlərə müvafiq şəhadətnamələr təqdim edilib.