Baş Prokurorluğun Elm-Tədris Mərkəzində seminarlar
interaktiv diskussiya formatında keçirilib
Azərbaycan Respublikası Baş prokurorunun müvafiq Sərəncamına uyğun olaraq, 2024-cü ilin dekabr ayının 13, 20 və 27-i tabe rayon (şəhər) prokurorlarının iştirakı ilə “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarının fəaliyyətində tətbiqi” mövzusunda interaktiv diskussiya formatında seminarlar təşkil edilib.
Virtual studiyada keçirilən tədbirdə ekspert qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Tuqay Rəhimli, Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Elşən Orucov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi şöbəsinin böyük prokuroru Çingiz Əli-zadə və şöbə prokuroru Rəşad Qasımov iştirak ediblər.
Zoom proqramı vasitəsi ilə tabe rayon (şəhər) prokurorlarının qoşulduğu interaktiv diskussiyanı Mərkəzin şöbə rəisi Nigar Qələndərli və şöbə prokuroru Fərizə Mirzəyeva aparıb.
Seminarlar çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, Avropa Şurasının və Avropa prokurorların məşvərətçi şurasının (CCPE) fəaliyyəti, eləcə də inzibati hüquqda süni intellektin mahiyyəti, Azərbaycanla bağlı AİHM-nin qərarlarının ümumi mahiyyəti, AİHK-nın 2, 3, 5, 8, 9 və 10-cu maddələrinin pozulması halları və onların qarşısının alınması üzrə təkliflər müzakirə obyekti olub.
Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun müdiri Oqtay Mirzəyevin təşkilatçılığı ilə baş tutan seminarlarda iştirak etmiş prokurorlar məruzələri diqqətlə dinləyib, təkliflər ətrafında aparılan müzakirələr ciddi diskussiyalara səbəb olub.