Rusiya Federasiyası Baş Prokurorluğunun əməkdaşlarının təlimçi qismində iştirak etdiyi tədbir keçirilib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında imzalanmış “2024 – 2025-ci illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə 2024-cü ilin dekabr ayında Rusiya Federasiyası Baş Prokurorluğunun Beynəlxalq-hüquqi əməkdaşlıq Baş İdarəsinin rəis müavini Litvışko Pyotr Andreyeviç, Hüquqi statistika və informasiya texnologiyaları Baş İdarəsinin rəis müavini Antonov Dmitri Oleqoviç, İbtidai istintaq orqanlarının prosessual fəaliyyətinə və əməliyyat-axtarış fəaliyyətinə nəzarət üzrə metodika və analitik təminat idarəsinin böyük prokuroru Muravlyeva Natalya Viktorovna, Baş cinayət və məhkəmə idarəsinin böyük prokuroru Suxova Elena Yuryevna ölkəmizdə işgüzar səfərdə olub.
Səfər çərçivəsində 11 dekabr 2024-cü il tarixdə nümayəndə heyəti Baş Prokurorluğun inzibat binalar kompleksi ilə tanış olub, qonaqlar Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək Ulu Öndərin xatirəsini yad ediblər.
Qeyd edilən Əməkdaşlıq Proqramı çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı, Beynəlxalq hüquqi əməkdaşlıq və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələrin, eləcə də tabe prokurorluqların əməkdaşlarının iştirakı ilə qonaqlar “Prokurorun elektron sübutlarla işi. Müasir texnologiyalardan istifadə və prokurorların fəaliyyətinin rəqəmsallaşdırılması”, “Kibercinayətkarlıq” və “Cinayət yolu ilə əldə olunmuş aktivlərin bərpası” mövzularında çıxış ediblər, tərəflər arasında təcrübə mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.