“Ətraf mühitin mühafizəsi və ekoloji hüquqpozmalarla mübarizə” mövzusunda təlim uğurla başa çatıb
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Baş Prokurorluqda növbəti tədbir keçirilib. Xüsusən də noyabrın 25-dən dekabrın 6-dək Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin “Distant tədris” platforması üzərindən prokurorluq işçiləri üçün “Ətraf mühitin mühafizəsi və ekoloji hüquqpozmalarla mübarizə” mövzusunda sərbəst rejimdə təlim təşkil edilib.
Elektron mühazirə formatında keçirilmiş tədbir çərçivəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan xətalara görə inzibati icraatın xüsusiyyətləri və ekoloji cinayətlərə görə cinayət təqibinin metodikası tədris edilib, dinləyicilərə qeyd olunan sahədə ölkəmizdə görülmüş iri miqyaslı tədbirlər və xüsusi mühafizə olunan təbiət əraziləri, habelə fəaliyyət göstərən beynəlxalq və yerli təşkilatlar barədə geniş məlumat ötürülüb.
Təlimdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşları təlimçi qismində iştirak edərək, 85 nəfər dinləyici üçün platformada Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun əməkdaşları tərəfindən yaradılan şəxsi kabinetlər vasitəsilə tədris materiallarını öyrənib və mövzu üzrə sualları cavablandırmaqla bütün mərhələləri müvəffəqiyyətlə bitiriblər.