Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında imzalanmış birgə əməkdaşlıq haqqında Anlaşma memoranduma əsasən, qurumların əməkdaşları bir-birinin elmi-praktiki tədbirlərində, tədris proseslərində yaxından iştirak edərək mühazirə və ya təqdimatlarla çıxış edirlər.
Bu münasibətlər gələcəyin hüquqşünasları olan Polis Akademiyasının kursantlarının nəzəri biliklərinin artırılması, eləcə də hüquq-mühafizə işçilərinin təcrübədə rastlaşdıqları problemlərin həlli yollarının birgə müəyyən edilməsi məqsədini daşıyır.
Həmin tədbirlərin davamı olaraq 20 noyabr 2024-cü il tarixdə Elm-Tədris Mərkəzinin şöbə prokuroru, ədliyyə müşaviri Ruslan Ağayev mühazirəçi qismində Polis Akademiyasının “Cinayət hüququ” kafedrasının müəllimlərinin iştirakı ilə “Cinayətlər Çoxluğu” mövzusunda keçirilən məşğələdə 2-ci kurs müdavimlər qarşısında çıxış etmiş, mövzunun nəzəri hissəsini izah etdikdən sonra, bu sahədə cinayətlərin tövsifi zamanı yaranan problemlərlə bağlı, habelə təhqiqatçılar və müstəntiqlər tərəfindən yol verilən nöqsanlar barədə geniş məlumat vermişdir.

Keçirilən məşğələ kursantlar tərəfindən böyük maraqla qarşılanmış, onları maraqlandıran suallar ətraflı cavablandırılmış, mövzu ətrafında müzakirələr aparılmışdır.