“Qanunsuz miqrasiyanın təşkili ilə bağlı məlumatlar üzrə istintaq-araşdırma təcrübəsi” mövzusunda kurs təşkil edilib
Azərbaycan Respublikası Baş prokurorunun müvafiq Sərəncamına uyğun olaraq Elm-Tədris Mərkəzi tərəfindən 2024-cü ilin oktyabr ayının 31-dən noyabr ayının 7-dək prokurorluq işçilər üçün “Qanunsuz miqrasiyanın təşkili ilə bağlı məlumatlar üzrə istintaq-araşdırma təcrübəsi” mövzusunda kurs təşkil edilib.
Prokurorluq işçilərinin iş vaxtında məşğulluğu nəzərə alınaraq, bu tədbir internet üzərindən Mərkəzin “Distant tədris” platforması vasitəsi ilə distant formada sərbəst rejimdə həyata keçirilib.
Kursda Elm-Tədris Mərkəzinin əməkdaşları təlimçi qismində iştirak edib, elektron mühazirə formatında keçirilmiş məşğələlərdə qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində tədbirlər, miqrasiyanın təşkilinin qanunverici əsasları, bu sahədə beynəlxalq münasibətlər, qanunsuz miqrasiyanın təşkili cinayətinin tərkib elementləri, istintaq təcrübəsi və digər aktual məsələlər, həmçinin ətraf mühitin mühafizəsinin hüquqi əsasları tədris obyekti olub.
Kursun dinləyicisi olmuş 83 nəfər platformada onun üçün yaradılan şəxsi kabinetə fərdi istifadəçi adı və paroldan istifadə etməklə daxil olaraq tədris materiallarını öyrənmiş və mövzu üzrə sualları cavablandırmaqla bütün mərhələləri müvəffəqiyyətlə bitirib.