Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə təhsil işçiləri üçün təlimlər keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə tədbirlər uğurla davam etdirilir.
Milli Fəaliyyət Planı üzrə növbəti tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə baş tutub. Belə ki, 2024-cü ilin oktyabrın 30-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 61 təhsil işçisi üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlimin keçirilməsinə start verilib və təlim noyabr ayının 4-ə kimi davam edib.
Təlim üzrə tədris tədbirləri Baş Prokurorluğun Elm-Tədris Mərkəzində və Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində əyani formada təşkil edilib.
Təlimin ilk günündə açılış nitqi ilə çıxış edən Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov təlim iştirakçılarına mərkəzin fəaliyyəti, təlimin məqsədi və vəzifələri barədə ətraflı məlumat verib.
Təlim zamanı Mərkəzin işçiləri İradə Xəlilova, Çingiz Əli-zadə ilə yanaşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçiləri Günay Süleymanova, Fərid Qarakişiyev, Kənan Babazadə, Emin Vəliyev, Ziya Hacıyev, Kamil Kamilli və Yusuf Novruzov təlimçi qismində çıxışlar edib.
Müasir informasiya-kommunikasiya texnologiyalardan, habelə təhlil-tədqiqat materiallarından geniş istifadə edilməklə mühazirə və təqdimat formatında keçirilmiş məşğələlər çərçivəsində etik davranış qaydaları milli qanunvericiliyinin kontekstində, cinayətin anlayışı, cinayətdə iştirakçılıq və onun növləri, korrupsiyanın anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmalar, bu hüquqpozmalara görə məsuliyyət, korrupsiyanın cəmiyyətə təsiri, korrupsiyaya qarşı mübarizənin zəruriliyi, təhsil sahəsində korrupsiya problemləri və onların həlli yolları və digər aktual məsələlər tədris obyekti olub.
Təlim çərçivəsində Mərkəzin şöbə rəisi Nigar Qələndərli tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” münasibəti ilə ətraf mühitin mühafizəsinin hüquqi əsasları dinləyicilərin diqqətinə çatdırılıb, tədbir iştirakçıları Baş Prokurorluğun yeni inzibati binasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş guşə, 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, kitabxana, konfrans və iclas zalları, kriminalistika və dindirmə otaqları ilə yaxından tanış olublar.
Təlim zamanı dinləyicilər tədris edilmiş mövzulara maraq göstərib, onları maraqlandırılan suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.
Tanışlıq çərçivəsində onlara prokurorluq orqanlarının əsas fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, habelə qarşıda duran prioritet məqsədlər barədə ətraflı məlumat verilib.