Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizəyə həsr olunmuş növbəti təlim keçirilib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 2024-cü ilin oktyabr ayının 29 və 30 tarixlərində “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin, cinayət alətlərinin və ya onların dəyərinə ekvivalent əmlakın, terrorçuluğun maliyyələşdirilməsində istifadə olunan vəsaitlərin həbs və müsadirəsi” mövzusunda təlim keçirilib.
Təlimin dinləyici dairəsi prokurorluq və vergi orqanlarının 49 əməkdaşından ibarət olmaqla, tədris prosesinə təlimçi qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Baş Prokurorluğun işçiləri ilə yanaşı, Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları cəlb olunub.
Belə ki, təlim zamanı Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev “Yaşıl dünya naminə həmrəylik ili” – ətraf mühitin mühafizəsinin hüquqi əsasları”, həmin şöbənin böyük prokuroru Nigar Əskərova “Xüsusi müsadirə edilmiş əmlakın idarə edilməsi və qanuni dövriyyəyə cəlb edilməsi sahəsində beynəlxalq təcrübə” mövzularında çıxış ediblər.
Həmçinin təlim çərçivəsində CM-in 193-1 maddəsi ilə nəzərdə tutulmuş əməlin ictimai təhlükəliliyi, tərkib elementləri və tövsifi aspektləri; cinayət yolu ilə əldə edilmiş əmlakın və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə olunan vəsaitlərin müəyyən edilməsi və izlənilməsi üsulları; bu cür əmlakın və vəsaitlərin üzərinə həbs qoyulması, qiymətləndirilməsi və müsadirə edilməsi qaydaları; qeyd olunan cinayət üzrə məhkəmə təcrübəsinin xüsusiyyətləri, eləcə də digər aktual mövzular tədris edilib.

Tədbirin sonunda təlim zamanı əldə edilmiş bilik və bacarıqların müzakirəsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.