Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq və polis işçiləri üçün yerlərdə seminar məşğələlər keçirilib

İnsanların həyatı və sağlamlığı üçün ən ciddi təhdidlərdən olan narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı daxili işlər və prokurorluq orqanları tərəfindən qarşılıqlı əlaqədə həyata keçirilən kompleks tədbirlər nəticəsində müvafiq sahədə əməliyyat şəraitinin nəzarətdə saxlanılması, əvvəlki illərlə müqayisədə qeyri-leqal dövriyyədən dəfələrlə çox narkotik vasitə və psixotrop maddənin çıxarılması təmin olunmuşdur.
Daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarının qeyd edilən sahədə nəzəri biliklərinin və peşə bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun və Daxili işlər nazirinin birgə əmrinə əsasən, cari ilin sentyabr ayının 12-dən 27-dək Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə prokurorluğun və polis orqanların inzibati binalarında Daxili İşlər Nazirliyinin aidiyyəti idarəsində, Bakı şəhərinin Binəqədi, Qaradağ, Nizami və Xətai rayonlarında, Sumqayıt şəhərində, eləcə də Hacıqabul, Ağsu, Qobustan, Yevlax, Şəki, Lənkəran, Masallı, Şabran, Xaçmaz, Quba, Tovuz və Ağstafa rayonlarında işləyən ümumilikdə 114 prokurorluq və polis əməkdaşları üçün “Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin tətbiqinin xüsusiyyətləri” mövzusunda seminarlar keçirilib.
Qeyd olunan seminarın təşkili ilə əlaqədar Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə prokurorları Rəşad Qasımov Hacıqabul və Şabran, Ruslan Ağayev Yevlax, Tovuz və Lənkəran rayonlarına ezam olunmuş, Bakı şəhərində keçirilən tədbirlərdə isə təlimçi qismində şöbənin böyük prokuroru Çingiz Əli-zadə və şöbə prokuroru Sarıtel Əliyeva çıxış etmişlər.
Keçirilmiş seminarlarda təlimçi qismində Mərkəzin işçiləri ilə yanaşı, Baş Prokurorluğun DİO-nın istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin və Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin işçiləri iştirak etmişlər.
Müasir informasiya-kommunikasiya texnologiyalardan, habelə təhlil-tədqiqat materiallarından geniş istifadə edilməklə keçirilmiş seminarlar çərçivəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin tətbiqində yol verilən səciyyəvi pozuntular, onların hüquqi nəticələri və onların qarşısının alınması üsulları tədris edilmiş və müzakirə obyekti olmuşdur.
Seminarlar çərçivəsində həmçinin Mərkəzin işçiləri tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” münasibəti ilə ətraf mühitin mühafizəsinin hüquqi əsasları dinləyicilərin diqqətinə çatdırılmışdır.

Seminarlar zamanı dinləyicilər təlimçilərlə ünsiyyətdə aktiv olmuş, tədris olunan materiallara maraq göstərmiş, təcrübədə rast gəlinən problemlərin hüquqi cəhətdən həlli qaydası izah edilməklə onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.