“Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda Medianın İnkişafı Agentliyi ilə birgə təlim təşkil edilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə ölkəmizdə müxtəlif sahələr üzrə tədbirlər həyata keçirilir. Korrupsiyaya qarşı mübarizədə ölkə əhalisinin maarifləndirilməsinin xüsusi əhəmiyyəti vardır.
Qeyd edilən amillər nəzərə alınaraq, 17 sentyabr 2024-cü il tarixdə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda Baş Prokurorluq və Medianın İnkişafı Agentliyi tərəfindən birgə tədbir təşkil edilib. Medianın İnkişafı Agentliyinin inzibati binasında baş tutmuş təlimdə Agentliyin əməkdaşları qarşısında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminat idarəsinin prokuroru Nicat Nağıyev, eləcə də Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin böyük prokuroru, Etik Davranış Komissiyasının katibi İradə Xəlilova “Etik davranış qaydaları milli qanunvericiliyin kontekstində” mövzusunda çıxış ediblər.
Onların çıxışlarında antikorrupsiya davranış modellərinin spesifik cəhətləri, korrupsiya risklərinin müəyyən edilməsinin əhəmiyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin, o cümlədən maraqlar toqquşmasının idarə edilməsi formaları, etikanın mahiyyəti, etik davranış qaydalarının əhəmiyyəti, etik davranış pozuntularının ziyan vurduğu ictimai münasibətlər və bu sahədə həyata keçirilən tədbirlər ətrafında geniş məlumat verilib.
Təlim çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılmaqla mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.