Baş Prokurorluqda cinayət təqibi zamanı uşaq hüquqlarının üstün mühafizəsi prinsipi tədris obyekti olub
2024-cü ilin sentyabr ayının 17-dən 19-dək Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq və daxili işlər orqanlarının əməkdaşları üçün “Cinayət təqibi zamanı uşaq hüquqlarının üstün mühafizəsi prinsipi” mövzusunda əyani və distant formada təlim keçirilib.
Ümumilikdə 272 dinləyicin iştirakı ilə keçən tədbirdə təlimçi qismində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli, böyük prokuroru Çingiz Əliz-zadə və prokuroru Sarıtel Əliyevə, Daxili İşlər Nazirliyinin peşəkar işçiləri Səyyad Ağayev və Kəmalə Ələkbərova, Bakı Dövlət Universitetinin tanınmış alimləri, Psixologiya kafedrasının dosentləri, psixologiya üzrə fəlsəfə doktorları Yamən Vəliyeva və Azər Mustafayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təcrübəli əməkdaşları Xəyalə Abbaslı-Əsgərli və Orxan Məcnunov, eləcə də “Təmiz Dünya” qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova iştirak ediblər.
Mühazirə, təqdimat və dəyirmi masa formatında keçirilmiş məşğələlər çərçivəsində yetkinlik yaşına çatmayan şəxslərin cinayət törətməsinə təsir edən bioloji və sosial amillər, cinayət təqibi zamanı bu cür şəxslərlə davranış qaydaları, onlar tərəfindən törədilən cinayətlərin istintaq metodikası və məhkəmə təcrübəsi, yetkinlik yaşına çatmayanların inzibati məsuliyyətə cəlb edilməsinin xüsusiyyətləri və digər aktual məsələlər tədris obyekti olub.
Təlim zamanı dinləyicilər tədris edilmiş mövzulara maraq göstərib, onları maraqlandırılan suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.