2021-ci ildə prokurorluq orqanlarına qulluğa qəbul edilmiş və stajorluq keçən işçilər üçün hazırlıq kursu

Azərbaycan Respublikası Baş prokurorunun 30.08.2021-ci il tarixli 13 №-li Sərəncamına əsasən, 2021-ci ildə prokurorluq orqanlarına qulluğa qəbul edilmiş və stajorluq keçən 92 nəfər işçi üçün Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən 2021-ci ilin sentyabr ayının 14-dən oktyabr ayının 4-dək Zoom proqramı vasitəsilə distant formada və canlı vaxt rejimində hazırlıq kursu təşkil edilmişdir.
Hazırlıq kursun tədris proqramı Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”, cinayət, cinayət-prosessual, inzibati və presedent hüquqları, kriminologiya və kriminalistika, habelə prokurorluq orqanlarında tətbiq olunan informasiya kommunikasiya texnologiyaları üzrə praktiki və metodoloji bilikləri özündə əks etdirən mövzular üzrə 45 məşğələdən ibarət olmuşdur. Tədbirə təlimçi qismində Elm-Tədris Mərkəzinin əməkdaşları ilə yanaşı Baş Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və tabe prokurorluqların işçiləri, habelə Ədliyyə və Səhiyyə nazirliklərin mütəxəssisləri iştirak etmişlər. Ümumilikdə bu tədbirin keçirilməsinə müxtəlif formalarda prokurorluq və digər orqanların təxminən 130 nəfər işçisi cəlb olunmuşdur.
Təlimlər müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə həyata keçirilmiş, dinləyicilərin və təlimçilərin bir qismi iş yerindən, təlimçilərin digər hissəsi isə Elm-Tədris Mərkəzində zəruri avadanlıqla təchiz edilmiş xüsusi otaqdan tədbirə qoşulmuşlar, tədris edilmiş məşğələlərin bir qismi dinləyicilərə təqdim edilmişdir.

Təlimlər uğurla başa çatdıqdan sonra 04.10.2021-ci il tarixdə dinləyicilərinin hazırlıq kurs zamanı əldə etdikləri bilik və bacarıqlarının müsahibə yolu ilə qiymətləndirilməsi təşkil edilmişdir. Qiymətləndirmə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisləri Talıb Cəfərov, Ramin Camalov və Fərid Dadaşov tərəfindən həyata keçirilmişdir. Müsahibə kursun Tədris proqramına daxil olan mövzular üzrə hazırlanmış suallar üzrə keçirilərək, dinləyicilərin biliklərinin məqbul və qeyri-məqbul üsulla qiymətləndirilməsi qaydasında təşkil olunmuşdur.
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 13.2-ci maddəsinə və Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 247.4-cü bəndinə müvafiq olaraq müsahibənin göstəriciləri stajorların şəxsi işlərinə əlavə edilməsi üçün Baş Prokurorluğun Kadrlar idarəsinə göndərilmişdir.