Məhkəmə hakimlərinin, prokurorluq işçilərinin və vergi xidmətinin müstəntiqlərinin iştirakı ilə təlim keçirilib
Məhkəmə hakimlərinin, prokurorluq işçilərinin və vergi xidmətinin müstəntiqlərinin iştirakı ilə 2024-cü ilin may ayının 29 – 31 tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməli üzrə istintaqın xüsusiyyətləri” mövzusunda təlim keçirilib.
Tədbirə təlimçi qismində Baş Prokurorluğun və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin peşəkar işçiləri, eləcə də Maliyyə Monitorinqi və Dövlət Vergi xidmətlərinin əməkdaşları cəlb olunub.
Tədbiri açan Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov iştirakçılara təlimin məqsədi və vəzifələri barədə məlumat verib, Mərkəzin şöbə rəisi Əmir Ocaqverdiyev dinləyicilərin diqqətinə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının qarşısının alınmasının vacibliyini, bu sahədə prokurorluq tərəfindən görülən tədbirləri çatdırıb. Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova isə ölkə hüdudundan kənara çıxarılmış aktivlərin bərpasında beynəlxalq əməkdaşlıq barədə danışıb.
Dəyirmi masa, məşğələ, təcrübə mübadiləsi formatında aparılmış tədbirin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma əməlinin tərkib elementlərinin və tövsifi aspektlərinin tədris edilməsi, yeni istintaq üsullarının müzakirəsi və öyrənilməsi olmuşdur.
Tədbir zamanı bu cür cinayətlərin istintaqı üzrə yeni metodiki tövsiyələr dinlənilib, qeyd olunan sahədə ölkəmizdə həyata keçirilən dövlət proqramları, onların müsbət nəticələri, həmin çərçivədə maliyyə istintaqının aparılması imkanları nəzərdən keçirilib.
Maraqla qarşılanan mövzular ətrafında qızğın disputlar aparılıb, təcrübədə rast edilən hüquqi problemlər təhlil edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.