Elm-Tədris Mərkəzinin tədris tədbirinə Azərbaycan Respublikasının Hesablama Palatasının əməkdaşları qoşulub
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Hesablama Palatasının Təlim Mərkəzi arasında imzalanan əməkdaşlıq haqqında protokola əsasən qurumlar arasında əlaqələrinin inkişaf etdirilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Bu istiqamətdə növbəti addım 2024-cü il ilin may ayının 15-də baş tutub. Həmin tarixdə Baş prokurorun müvafiq sərəncamına uyğun olaraq, Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının Hesablama Palatasının 40 əməkdaşı üçün “Korrupsiya və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin araşdırma metodikası” mövzusunda əyani və distant formada təlim təşkil edilib.
Mərkəzin şöbə rəisi Nigar Qələndərli və şöbənin böyük prokuroru Çingiz Əli-zadə tərəfindən təşkil edilən bu tədbirdə təlimçi qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təcrübəli əməkdaşları iştirak edib.
Tədbir çərçivəsində dövlət satınalmaları sahəsində korrupsiya riskləri, təsərrüfat subyektləri üzrə aparılan yoxlamalarda tipik korrupsiya təzahürləri, audit fəaliyyətində subyektiv faktorların və kənar təsirlərin neytrallaşdırılması, eləcə də korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər üzrə cinayət tərkibinin əlamətləri və elementləri, habelə sübutetmə qaydası tədris olunub.
Mühazirə, təqdimat və təcrübə mübadiləsi formatında həyata keçirilmiş bu təlim dinləyicilər tərəfindən maraqla qarşılanıb, onların suallar ətraflı cavablandırılıb.