2024-cü ildə prokurorluq orqanlarına qulluğa qəbul olunmuş işçilər üçün hazırlıq kursu keçirilib
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Respublikasının prokurorluq orqanlarına 2024-cü ildə müsabiqə yolu ilə ilk dəfə qulluğa qəbul olunmuş 51 işçi üçün hazırlıq kursu təşkil edilmişdir.
Hazırlıq kurs üzrə tədris tədbirləri qarışıq formada, o cümlədən 2024-cü ilin aprel ayının 16-dan may ayının 3-dək iş yerindən ayrılmadan internet üzərindən “Zoom” proqramı vasitəsi ilə, may ayının 6, 7 və 8-i isə prokurorluğun müxtəlif idarələrində əyani formada keçirilmişdir.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşları Nigar Qələndərli, Çingiz Əlizadə, Oqtay Mirzəyev və Rafiq Quliyev tərəfindən moderatorluğu edilən kursa təlimçi qismində prokurorluq orqanlarının təcrübəli işçiləri ilə yanaşı, səhiyyə və ədliyyə orqanlarının, eləcə də Vəkillər Kollegiyasının, Qeyri-Hökumət Təşkilatının və Bakı Dövlət Universitetinin peşəkar əməkdaşları cəlb olunmuşlar.
Hazırlıq kursunun tədris proqramında praktiki əhəmiyyət kəsb edən, öyrənilməsi dövlət proqramlarında nəzərdə tutulan, eləcə də praktiki fəaliyyətdə əhəmiyyətli, habelə mürəkkəb xarakter daşıyan mövzulara üstünlük verilmişdir. Dinləyicilərdə peşə vərdişlərinin formalaşmasına töhfə verəcək bu məşğələlər müasir informasiya-kommunikasiya texnologiyalardan, eləcə də təhlil-tədqiqat materiallarından geniş istifadə etməklə tədris edilmişdir.
Misal üçün Mərkəzin əməkdaşları Talıb Cəfərov tərəfindən “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin istintaq metodikası”, İradə Xəlilova tərəfindən “Həbs qətimkan tədbirinin tətbiqi standartları və onların pozulması halları”, Əmir Ocaqverdiyev tərəfindən “Açıq mənbəli kəşfiyyat üsulları (OSİNT)”, Nigar Əskərova tərəfindən “İnsan alveri cinayətlərinin ictimai təhlükəliliyi”, Sarıtel Əliyeva tərəfindən “Qabaqcıl beynəlxalq təcrübəyə və milli qanunvericiliyin tələblərinə uyğun olaraq ittiham nitqinin hazırlanması metodikası”, Ruslan Ağayev tərəfindən “Meyitin qəbirdən çıxarılması (ekshumasiya) istintaq hərəkətinin aparılması qaydası”, Məhərrəm Əzizbəyov tərəfindən “Sübutlar və sübutetmənin prosessual və metodoloji məsələləri” mövzularında keçirilmiş təqdimatlar və tədris edilmiş məşğələlər dinləyicilərdə böyük maraq doğurmuşdur.
Eyni zamanda, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar kursun Tədris proqramına ətraf mühitin mühafizəsinin hüquqi əsaslarına dair mövzular daxil edilərək tədris edilmişdir.
Kurs çərçivəsində prokurorluq işçilərinin diqqətinə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə ilə bağlı məlumatlar çatdırılmışdır.
Hazırlıq kursu dövründə dinləyicilər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə yaxından tanış olmuşlar, onlar üçün kriminalistika sahəsində müxtəlif formalı praktiki məşğələlər keçirilmişdir.
Mədəni tədbirlər çərçivəsində gənc prokurorluq işçilərinin “Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi”nə ekskursiyası təşkil edilmişdir.