Elm-Tədris Mərkəzində “Etik davranışın qayda və prinsipləri, həmçinin onlara əməl edilməsi” mövzusunda təlim keçirilib
Prokurorluq orqanlarında hər zaman etik davranış qaydalarına, nümunəvi prokurorluq işçisi kimi peşəkar davranışın tələblərinə riayət olunmasına böyük önəm verilir.
2024-cü ilin aprel ayının 1-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Kadrlar İdarəsi ilə birgə tabe rayon (şəhər) prokurorluqlarının işçiləri üçün “Etik davranışın qayda və prinsipləri, həmçinin onlara əməl edilməsi” mövzusunda distant formada təlim keçirilib.
Təlimə rayon (şəhər) prokurorluqlarının 342 əməliyyat işçisi dinləyici qismində, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin işçiləri ilə yanaşı, Kadrlar idarəsinin və Mətbuat xidmətinin etik davranış qaydaları sahəsində nəzəri və praktiki biliklərə malik təcrübəli işçiləri isə təlimçi qismində cəlb edilmişlər.
Mühazirə və təqdimat formasında həyata keçirilmiş təlim çərçivəsində Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili – ətraf mühitin mühafizəsinin hüquqi əsasları”, Mərkəzin böyük prokuroru İradə Xəlilova tərəfindən “Vətəndaşların qəbulu zamanı etik davranış qaydaları”, Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokuroru Məhərrəm Əzizbəyov tərəfindən “İbtidai araşdırma zamanı etik davranış qaydaları”, Kadrlar İdarəsinin prokuroru Elmir Paşazadə tərəfindən “Prokurorluq işçisinin kollektiv daxili ünsiyyət qaydaları”, Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev tərəfindən “Sosial media sahəsində prokurorluq əməkdaşlarının etik davranış qaydaları”, Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova tərəfindən “Etik davranış qaydaları ilə bağlı sosial media sahəsində beynəlxalq təcrübə” mövzuları tədris edilmişdir.
Təlim zamanı dinləyicilər tədris edilmiş mövzulara maraq göstərmiş, təlimçilərlə münasibətdə aktiv olmuş və onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.